Yaşadığımız informasiya dövründə müasir texnologiyalar insan fəaliyyətinin bütün sahələrinə sirayət etmiş, o cümlədən hərb sənətində əsaslı dəyişikliklərə gətirib çıxarmışdır. Bu, müasir cəmiyyətimizdə informasiyanın çox güclü silah olduğunu sübut edir. Bəzən informasiya müharibəsi hərbi qarşıdurmadan heç də az təsirli olmur. Bir çox hallarda onu üstələməyi də bacarır. Yəni, düşmən ölkələr malik olduqları informasiya resurslarından istifadə edərək qarşı tərəfin hərbi-siyasi-ictimai mühitinə, cəmiyyətin düşüncəsinə ciddi təsir etməyə çalışırlar. Cəmiyyətdə çaşqınlıq yaratmaq, mənəvi-psixoloji durumu zəiflətmək, vətəndaşları mübarizədən çəkindirmək, hakimiyyətlə xalq arasında münasibətləri gərginləşdirmək və s. məqsədlərə nail olmaq informasiya müharibəsinin əsas üsuluna çevrilir.
Göründüyü kimi, həyatın demək olar ki, bütün sahələrində mərkəzi rola sahib olan informasiya-kommunikasiya texnologiyaları (İKT) təmin etdiyi geniş imkanlarla yanaşı, təhlükəsizlik riskləri də gətirir. Belə olmasaydı bu gün dövlətlərin daxili və xarici siyasətində informasiya məsələsi çox önəmli rola malik olmazdı.
Azərbaycanın 44 günlük Vətən müharibəsi bir çox sahələrdə olduğu kimi, informasiya siyasətində də yeni yanaşmaları ortaya qoydu. İkinci Qarabağ müharibəsi zamanı savaşın təkcə hərbi meydanda deyil, həm də siyasi - diplomatik müstəvidə, informasiya platformasında həyata keçirildiyinin şahidi olduq. Azərbaycan Ordusunun konkret düşmən olan Ermənistan ordusu və erməni terrorçuları ilə mübarizəsi ilə paralel, ölkə rəhbərliyinin siyasi müstəvidə - dünyanın ən nüfuzlu informasiya agentlikləri, telekanalları, mətbu orqanlarının nümayəndələrinə müsahibə verməsi, hətta təxribat xarakterli, qərəzli sualları belə cavablandırması müharibə dövrü üçün kifayət qədər ciddi əhəmiyyətə malik idi.
Nəzərə alaq ki, müharibə dövründə əvvəlki vaxtla müqayisədə Azərbaycan cəmiyyətinin əksər hissəsinin informasiya təhlükəsizliyinin qorunması, informasiyanın düzgün ötürülməsi və həqiqətlərin təbliği istiqamətində yetkinlik nümayiş etdirməsi təqdir olunası hal idi. Habelə, dövlətin bəzi informasiya vasitələrinin imkanlarını qismət məhdudlaşdırmaqla, nəzarəti artırmasını cəmiyyətin anlayışla qarşılaması məhz informasiya təhlükəsizliyinin təmini, kiberhücumların qarşısının alınmasının labüdlüyünün dərkindən irəli gəldi.
Müharibə dövründə informasiya cəbhəsindəki müsbət tendensiyalar onu düşünməyə əsas verir ki, artıq cəmiyyətin çox hissəsi köhnə stereotiplərdən uzaqlaşmaqda maraqlıdır. Belə ki, müasir dövrümüzdə televiziyadan və internetin imkanlarından geniş istifadə edilməsi cəmiyyətin düşüncəsində böyük irəliləyişə səbəb olmuşdur. Xüsusilə sosioloji sorğularda, ictimai rəyin öyrənilməsində internetin imkanları daha böyük əhəmiyyət kəsb edir. Sosial şəbəkələr və orada aparılan müzakirələr, fikir mübadiləsi ictimai rəyin öyrənilməsində və onun dəyərləndirilməsində mühüm üstünlüyə malikdir. Bəzi hallarda sosial şəbəkələrdə cərəyan edən informasiya bütünlükdə cəmiyyətdə özünə geniş yer tapmağı, ciddi nəticələrə səbəb olmağı bacarır.
Son illərdə, xüsusilə postmüharibə dövründə Azərbaycan dövlətinin informasiya siyasətində yeni yanaşma, müasir konsepsiya təqdim etməsi KİV və jurnalistlər qarşısında yeni vəzifələr müəyyən etmişdir. Zərurətdən doğan bu çağırışlar dövlətin informasiya siyasətinin yenidən formalaşmasına, yeni dünya düzəninə hazır olmasına hazırlıq məqsədini daşıyır. Dəyişən dəyərlər, yeni prinsiplər daha mütərəqqi, innovativ, yaradıcı və profesional düşüncənin ortaya qoyulmasını, müstəqil, qərəzsiz, obyektiv, vicdanlı informasiyanın hazırlanmasını və cəmiyyətə ötürülməsini zəruri edir.
Ölkə həqiqətlərinin dünyada qəbul edilməsinin mühüm şərti ilk öncə informasiyanın düzgün çatdırılmasıdır. Dövlət və qeyri-dövlət orqanlarının bu işdə xüsusilə fəal olmaları, daxili və xarici informasiya agentlikləri ilə fəal işləmələri bu istiqamətdə çox böyük irəriləyişə səbəb olardı. İstər dövlət, istərsə də hər bir fərd bu işdə fəallıq nümayiş etdirməli, mövcud imkanlardan istifadə edərək informasiya siyasətinin həyata keçirilməsinə dəstək verməlidir.
Unutmaq olmaz ki, Qarabağ müharibəsinin bitməsi hələ informasiya savaşının da sona çatması anlamına gəlmir. Bu, illərlə davam edə biləcək bir proses ola bilər. Çünki ermənilərin Azərbaycana qarşı işğalçılıq, terrorçuluq, separatçılıq niyyətlərinin qalması onu deməyə əsas verir ki, onlar nəzarətlərində olan informasiya vasitələrdindən istifadə edərək yalançı, iftira dolu məlumatlarla dünyanı inandırmağa çalışacaqlar. Deməli, biz informasiya savaşımızdakı metod və qaydalarımızı yeni tələblərə uyğun formalaşdırmalıyıq ki, qələbəmizi daha da möhkəmləndirək.
Nigar Orucova, “İki sahil”