Dövlət başçısı İlham Əliyevin bu fikirlərinin aydın ifadəsi bugünkü reallıqlarımızdır
“Biz lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər.” Dövlət başçısı İlham Əliyev, eyni zamanda, bildirir: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik.»
Azərbaycanın 30 ildən sonra ərazi bütövlüyünü təmin etməsi, soydaşlarımızın torpaq həsrətinə son qoyulması təbii ki, böyük qətiyyətin, səylərin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını bildirməsi, axıra çatdıra bilmədiyi işlərin, planların Onun axıra çatdıracağına əminliyi ifadə etməsi bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Ərazi bütövlüyümüzün bərpasının Prezident İlham Əliyevin siyasətinin şah əsəri kimi dəyərləndirilməsi 20 ilə yaxın dövrün uğurlarının ümumiləşdirilmiş ifadəsidir. Cənab İlham Əliyevin Prezident kimi mətbuata ilk müsahibəsində “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualına cavabı bir çox məqamlara, o cümlədən Azərbaycanın bugünü və gələcəyi üçün müəyyənləşdirilən hədəflərə işıq saldı. Dövlət başçısı bildirmişdir: “Gərək mən ümidləri doğruldam... Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm... Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.”
Ölkə Prezidenti bu məsuliyyəti Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirən uğurlu addımları ilə gerçəkləşdirdi. Təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi.
Azərbaycanın iqtisadi tərəqqisi bütün sahələrdə uğurlu addımları şərtləndirdi. Azərbaycanın enerji diplomatiyası beynəlxalq aləmdə etibarlı və arzuolunan tərfdaş kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Hazırda ölkəmiz Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Neft gəlirlərindən səmərəli istifadə qeyri-neft sektorunun inkişafına geniş yol açır. Belə ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını şərtləndirir.
Azərbaycanın iqtisadi imkanlarının artması ordu quruculuğu istiqamətində mühüm addımlara əsas verir. Hazırda ordumuz peşəkarlığı, yüksək döyüş ruhu, təkmil plan əsasında fəaliyyəti ilə dünyanın diqqətindədir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması da deyilənlərin təsdiqidir.
Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu xüsusi qeyd etmişdir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı. Azərbaycan 3 ilə yaxın dövrdə yeni reallıqların təqdimatı və qəbulu istiqamətində biri-birindən mühüm addımlar atır. Ən əsası ölkəmiz sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır. Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasını təklif etdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, qalib ölkə olaraq diktə edən tərəf kimi çıxş etməsi harada yaşamasından asılı olmayaraq hər kəsi qürurlandırır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında, müsahibələrində daim tarixi Zəfərimizə gedən yolu təhlil edərək belə bir əminliyi ifadə edir ki, bu torpaqların sahibi bizik və burada daimi olacağıq. Cənab İlham Əliyevin müsahibələrinin birində Qarabağın azad edilməsinin atasının vəsiyyəti olması ilə bağlı sualı cavablandırarkən bildirmişdir ki, hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: «Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir.» Dövlət başçısı bu məqamı xüsusi qeyd etmişdir ki, əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik. Ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir.
Müzəffər Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu.
Noyabrın 8-də, 28 illik həsrətdən sonra Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur. Bu Qələbəni 3 minə yaxın şəhidimizin qanı ilə, hərbçilərimizin şücaətləri ilə qazandıq. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır. Dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında» Sərəncamı da Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin əbədiləşdirilməsinə və işğaldan azad edilmiş şəhərlərin günlərinin təsis edilməsinə yönəlib.
Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, ordumuzun peşəkarlığı, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində söydaşlarımızın torpaq nisgilinə son qoyuldu. Azərbaycan tarixinin yeni şərəfli səhifəsi yazıldı. Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Nəticədə 30 ilin işğalına 44 gündə son qoyuldu. Erməni vandalları layiq olduqları cəzanı aldılar.
İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın çağırışları, dönməz qətiyyəti, qələbəyə böyük inamı igidlərimizi qələbədən-qələbəyə qovuşdurdu. Cənab İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrildi. Nəticədə qazanılan Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsidir.
Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirir. Ən yüksək tribunalardan bəyan edilir ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı törədilən təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq.
Sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdiyi terror aktı Azərbaycanın lokal antiterror tədbirlərinə başlamasına rəvac verdi. Son aylarda bu təxribatların davamlı hal alması, Ermənistanın 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi ölkəmizin belə bir addımı atmağa sövq edirdi. Azərbaycanın lokal antiterror tədbirlərinin başa çatdırılması üçün qarşı tərəfə irəli sürdüyü şərtlərin qəbulu bir gün ərzində rəşadətli ordumuzun uğur hekayəsini yazması ilə yekunlaşdı. Qeyd etdiyimiz kimi, 44 günlük müharibədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etmişdi, 23 saatlıq antiterror tədbirləri nəticəsində isə bütün ərazilərdə suverenliyimiz tam bərpa edildi. Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail olur. Bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü. Bütün Qarabağ ərazisində Azərbaycan qanunları və siyasi hakimiyyəti təmin olunacaq. Bütün bu reallıqlar dövlət başçısı İlham Əliyevin yazının əvvəlində qeyd etdiyimiz fikirlərinin reallıqda təsdiqidir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar yaradacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.
Uğurlarımız biri-birini əvəzlədikcə gələcəklə bağlı yeni-yeni hədəflər müəyyənləşdirilir. Dövlət başçısı İlham Əliyev 20 sentyabrda xalqa müraciətində atılan addımların və antiterror tədbirlərinin nəticələrinin fonunda belə bir inamı ifadə etdi ki, sülh danışıqları üçün maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq, uzunmüddətli sülh yaradacaq: « Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!»
Yeganə Əliyeva, «İki sahil»