Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 23-də Nyu-Yorkda Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “İki sahil”ə bildiriblər ki, görüşdə iki ölkə arasında ümumi tarixi, dini və mədəni köklərə əsaslanan əlaqələrin inkişafına önəm verildiyi vurğulanıb, eləcə də ikitərəfli müstəvidə siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi, Xarici İşlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd edilib.
Nazir Ceyhun Bayramov həmkarını Əlcəzairin 2024-2025-ci illər üzrə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
C.Bayramov əlcəzairli naziri, həmçinin regionda mövcud vəziyyət, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma rejimin hərbi təxribatları nəticəsində yaranmış gərginlik, habelə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırıb.
Azərbaycan tərəfindən görülən tədbirlər nəticəsində bölgədə sülh və təhlükəsizliyə hədə olan qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah işinin aparıldığı diqqətə çatdırılıb. Görülən antiterror tədbirləri çərçivəsində mülki vətəndaşlara heç bir zərərin dəymədiyi, onların təhlükəsizliyinin təmini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib. Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinin bütün hüquq, azadlıq və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmlərinə uyğun olaraq təmin ediləcəyi vurğulanıb.
Söhbət zamanı qarşı tərəfə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi ilə bağlı baxışı və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi və Qarabağda yaşayan erməniəsilli sakinlərin reinteqrasiya prosesi barədə də məlumat verilib.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular üzrə fikir mübadiləsi aparılıb.