25 sentyabr 2023 14:32
607

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Naxçıvan hava limanında qarşılayıb - YENİLƏNİB/VİDEO

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan şəhərində rəsmi qarşılanma mərasimi olub.

“İki sahil” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri başlayıb.

“İki sahil” xəbər verir ki, dövlət başçısının təyyarəsi Naxçıvan hava limanına enib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.

“İki sahil” xəbər verir ki, dövlət başçısını İstanbulun Atatürk Hava Limanından vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davut Gül və digər rəsmi şəxslər yola salıb.

R.T.Ərdoğanı səfərdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alpaslan Bayraktar, ətraf mühit, şəhərçilik və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin baş müşaviri Akif Çağatay Kılıç, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik və digər rəsmi şəxslər müşayət edirlər.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.

Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.

Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.