Bu adam bütün həyatını pələnglərin müdafiəsinə həsr edib. Amerikalı Pol Qoldştayn üzərində gəzdirdiyi pələng maketi ilə bütün dünyanı fırlanıb. Fərqli ölkələrdə beynəlxalq marafon yarışlarında iştirak edən Pol müsabiqələrə pələng maketi ilə birgə çıxmaqla hər kəsin diqqətini bu yırtıcıların müdafiəsinə çəkməyə müvəffəq olub.
Onun daşıdığı Benqal pələngi libasının ağırlığı 15 kiloqrama yaxındır. Bu yükün altında onlarla kilometr məsafəni qaçmaq asan olmasa da, ətraf mühit tərəfdarı bu məşəqqətə dözür. Getdiyi hər yerdə pələnglərə sərf olunmaq üçün müxtəlif yardım kampaniyaları təşkil edən atlet, bu vaxtədək bu yırtıcılar üçün 200 min dollarlıq fond yarada bilib.
İndi qarşıdan London marafonu gəlir. 24 apreldə keçiriləcək marafondada pələng libası ilə iştirak edəcəyini deyən Pol Qoldştayn bu cür çətin yarışlarda əsəbindən sonadək mübarizə apardığını deyib. Dünyanın fərqli ölkələrində pələnglərin insanlar tərəfindən öldürülməsindən gileylənən fəal, dünya dövlətlərinin, sayı sürətlə azalan bu yırtıcıları qorumalı olduğunu deyir.