Sənayenin inkişafı haqqında
2023-cü ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 38,2 milyard manat təşkil edib. Sənaye məhsulunun 79,8 faizi mədənçıxarma, 17,2 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 87,2 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,9 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 sentyabr 2023-cü il vəziyyətinə 365,4 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 51,1 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Tikintinin əsas göstəriciləri
2023-cü ilin yanvar-avqust aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,7 faizini əsaslı təmir, 7,1 faizini cari təmir, 4,6 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 90,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Məhsul bazarı haqqında
2023-cü ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-avqust aylarlı ilə müqayisədə 3,7 faiz artaraq 20372,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 11262,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 faiz artaraq 9110,4 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 35,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
İctimai iaşə
2023-cü ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,5 faiz artaraq 872,8 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 516,4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 59,2 faizini təşkil edib.
Ödənişli xidmətlər haqqında
2023-cü ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,6 faiz artaraq 4214,3 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 3528,1 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 83,7 faizini təşkil edib.
Əməkhaqqı
2023-cü ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artaraq 1179,8 manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsi