Onkoloji xəstəliklərin İTS-dən kənarda qalması başadüşülən deyil.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, orqan transplantasiyasının həyata keçirilməsi üçün klinikalarımızın imkanlarının geniş olduğunu deyə bilmərik: "Orqan və toxuma transplantasiyasında dünya ölkələri arasında geridə qalırıq. Lakin sevindirici haldır ki, bununla bağlı xidmətlər də İTS-nin xidmətlər zərfinə daxil edilib. Məni narahat edən məqamlardan biri orqan transplantasiyası ilə bağlı daxil edilən xidmətlərin limitli olmasıdır. Bu, başadüşüləndir. Maliyyə və klinikaların imkanları ilə bağlı çətinlikləri var. Ümid edirik ki, gələcəkdə bu əməliyyatları həyata keçirən klinikaların sayı artırılacaq, klinikaların əməliyyatları həyata keçirmək üçün imkanları genişləndiriləcək".
Əhliman Əmiraslanov qeyd edib ki, bizdə heç bir xəstəlik, patologiya icbari tibbi sığortadan kənarda qalmamalıdır: "Bu gün onkoloji xəstəliklərin İTS-dən kənarda qalması başadüşülən deyil. Düzdür, bu xəstəliklər böyük maliyyə tələb edir. Lakin biz bu istiqamətdə düşünməliyik. Əminəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq".