28 sentyabr 2023 12:36
223

Direktor: Xəstəxanalarda randevu, növbəli poliklinik sistemi tətbiq etmək zərurəti yaranıb

İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan xidmətlərin 2550-dən 3315-ə qədər artırılması xəstəxanalara axını daha çox artıracaq.

“İki sahil” xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib. O bildirib ki, məsələn, Abşeron Mərkəzi Xəstəxanasına gün ərzində 3000-dən çox xəstə müraciət edir: "Təqdim etdiyimiz tibbi xidmət sayı artıqda bu sayda artım müşahidə olunacaq. Bu səbəbdən tabeli tibb müəssisələrimizdə daha yaxşı və operativ xidmət göstərə bilmək üçün randevu sistemini, növbəli poliklinik sistemini tətbiq etmək zərurəti yaranıb. Həm gündüz, həm axşam saatlarında poliklinika xidmətini tətbiq etmək effektiv olar".

O qeyd edib ki, 2023-cü ilin 8 aylıq göstəricilərinə əsasən, icbari tibbi sığorta təminatı çərçivəsində icra edilən ümumi stasionar cərrahi tibbi xidmətlərin 69%-i TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, 31%-i isə özəl tibb müəssisələrində icra edilib: "TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilən stasionar cərrahi xidmətlər sırasında TOP-5 əməliyyatlar siyahısına nəzər salsaq, ginekoloji əməliyyatlar, hamiləlik, doğuş və zahılıq dövründə icra edilən mamalıq prosedurlarının sayı – 47%, həzm sistemində aparılan əməliyyatların sayı – 14%, sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə aparılan əməliyyat sayı – 12 %, travmatoloji, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı – 9%, tənəffüs sistemi xəstəliklərinin cərrahi müalicəsi üzrə əməliyyatların sayı – 5% və icbari tibbi sığorta təminatına alınmış cərrahi tibbi xidmətlərə görə ümumi sığorta ödənişlərinin 48%-ni təşkil edib. TƏBİB-in tabeliyində icra edilməyən və ya qismən icra edilən cərrahi tibbi xidmətlərin ümumi sayı 31% təşkil edib. Onlardan ürək-damar sistemində aparılan əməliyyatların sayı – 35%, gözdə aparılan əməliyyatlar – 28%, koronar angioplastika, vaskulyar stendlərin taxılması əməliyyatları – 23%, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı, o cümlədən oynaq endoprotezlərinin yerləşdirilməsi – 6% olub".