06 aprel 2018 00:20
3415

Çilov adasında seçicilərlə görüş

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsi tərəfindən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş-mitinq Çilov adasının  seçiciləri ilə keçirilib.

Görüş-mitinqdə YAP Pirallahı rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Hikmət Şikarov, YAP Mərkəzi Seçki Qərargahının üzvləri - Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Milli Məclisin deputatı Tahir Mirkişili, Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev, Vahid Quliyev, YAP fəalları və seçicilər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Çilov adasındakı büstünü ziyarət edərək xatirəsini ehtiramla anıblar. Sonra ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı İdarə Heyətinin üzvü, SOCAR-ın «Azneft» İstehsalat Birliyinin «28 May»” Neft-Qaz Çıxarma İdarəsinin rəisi Zaur Bağırov prezident seçkilərinin Azərbaycanın inkişafında böyük əhəmiyyətini vurğulayaraq  Azərbaycan dövləti və xalqının, o cümlədən Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla getdiyini bildirib, cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın bütün sahələrdə misilsiz nailiyyətlər qazanmasından danışıb. Z.Bağırov seçiciləri 11 apreldə fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüş-mitinqdə YAP Pirallahı rayon təşkilatının sədri, partiyanın Mərkəzi Seçki Qərargahı Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov xalqımızın ən etibarlı və alternativsiz  lideri cənab İlham Əliyevin uğurlu siyasətinin növbəti 7 ildə də davam etdirilməsi ilə ölkəmizin qüdrətinin bundan sonra da artacağına əminliyini ifadə edib. Prezident seçkilərinin ölkəmizin inkişaf tarixində vacib rolu və əhəmiyyəti barədə məlumat verən H.Şikarov bildirib ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq zəngin demokratik seçki ənənələrinə malikdir. Aprelin 11-də prezident seçkilərinin də demokratik standartlara uyğun, azad və şəffaf keçiriləcəyini, xalqımızın iradəsini dolğun əks etdirəcəyini deyən Hikmət Şikarov daha sonra YAP-ın namizədi cənab İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edib. YAP Pirallahı rayon təşkilatının sədri eyni zamanda bu müddət ərzində əhalinin sosial müdafiəsinin güclənməsinə xidmət edən mühüm layihələrin reallaşdırılması, paytaxtda və regionlarda iqtisadi ehtiyatların səfərbər edilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması, insanların layiqli yaşayışının təmin edilməsi üçün ardıcıl görülən işlərdən bəhs edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev söyləyib ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün uğurlu siyasət həyata keçirir. 11 aprel seçkilərində də Azərbaycan xalqı seçimini müəyyənləşdirəcək və xalq öz alternativsiz lideri olan cənab İlham Əliyevi yenidən Prezident seçəcək.

Milli Məclisin deputatı Tahir Mirkişili çıxış edərək bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev əhalinin bütün təbəqələrinin arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib.

Seçicilər qarşısında çıxış edən Milli Qəhrəmanlarımız Bəxtiyar Allahverdiyev və Vahid Quliyev cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 il ərzində əldə edilən uğurlardan,  Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsindən, ölkəmizin milli maraqlarını qoruya bilməsindən, mürəkkəb tarixi bir mərhələdə ətrafımızda terror hadisələrinin, müharibələrin, xaosun baş verdiyi bir vəziyyətdə Azərbaycanı sabitlik adası kimi qoruyub saxlaya bilməsindən danışıblar.

Daha sonra tədbir tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.

Orxan Vahidoğlu, «İki sahil»