03 oktyabr 2023 23:47
308

Astaranın qüruru

44 günlük Qarabağ müharibəsində  torpağı qanı bahasına Vətən edən qəhrəman  oğullardan biri də  şəhid Sadiq Şahin oğlu Bağırzadədir. Bu, Vətən aşiqi Astara rayonu, Ərçivan qəsəbəsində  dünyaya göz açıb. İndi burada böyük də, kiçikdə Sadiqin adını fəxrlə çəkir, onunla qürur duyurlar.

Evin tək oğlu olan Sadiq hələ uşaqlıqdan idmanın boks növü ilə məşğul olub. Boks  üzrə Azərbaycan komandasının üzvü kimi yarışlara qatılıb medallar qazanıb, diplomlarla  təltif edilib, respublika birincisi olub...

Qəlbi torpaq, Vətən eşqi ilə döyünən   Sadiq 2020-ci il ordu sıralarına yollanıb.  Vətən müharibəsi başlanan gündən döyüşlərə qatılıb.  Xüsusi Təyinatlı Kəşfiyyatçı kimi ön cəbhədə vuruşub. Murovdağ yüksəkliyinin azad edilməsi uğrunda haqq savaşımızda  xeyli erməni dığasını məhv edib. Elə burada düşmən gülləsinə tuş gələrək, gənc ömrünü Vətən yolunda fəda edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları əsasında Sadiq Şahin oğlu ölümündən  sonra  “Azərbaycan  Bayrağı” ordeni,  “Vətən uğrunda”,  “Cəsur döyüşçü” və digər  medallara layiq görülüb.

44 günlük Vətən  müharibəsinin ölməz qəhrəmanı Sadiq Şahin oğlu  indi üç ildir  şəhidlik adını daşıyır. Bu münasibətlə Astara  Tarix-Diyarşünaslıq  Muzeyinin əməkdaşları şəhidin uyuduğu  müqəddəs  torpağı  ziyarət edib, ona ehtiram əlaməti olaraq  məzarına təzə  güllərdən çələng hörüblər. Mədəniyyət işçiləri daha sonra şəhidin ailəsi və ev muzeyində olublar.

Bəli, Vətən bölünməz olduğu kimi, onun müqəddəsliyinə tapınıb və  canını ona şüurlu sürətdə qurban verənlər  də  ürəklərə köçməklə əbədi bir ömür qazanırlar...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü