Oktyabrın 3-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatının, Qaradağ Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin Azərbaycanda birinci dəfə prezident seçilməsinin 30-cu ildönümünə həsr olunmuş “Qayıdışdan xilasa” mövzusunda dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, İcra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Munis Bayramov, fəal YAP üzvləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra “Heydər Əliyevin qayıdışı və Azərbaycanın xilası” adlı videoçarx nümayiş etdirilbi.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 1993-cü ilin 3 oktyabr gününün Azərbaycan tarixində çox mühüm yer tutduğunu, müasir müstəqil Azərbaycan dövlətinin tarixində dönüş anı təşkil etdiyini, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə özbaşınalığa, xaosa, iqtisadi tənəzzülə son qoyulduğunu, vətəndaş müharibəsinin qarşısının alındığını və yeni yüksəliş mərhələsinin əsasının qoyulduğunu qeyd edib. YAP rayon təşkilatının sədri bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi və dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyətdir. Azərbaycan xalqının baş verən faciələrdən qurtularaq demokratik-hüquqi dövlətdə yaşamaq ideyasının reallığa çevrilməsi və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
YAP Qaradağ rayon təşkilatının sədri xüsusi vurğulayıb ki, bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu öndərin ideyaları dayanır və ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara aparacaq.
Dəyirmi masada çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Ümummilli Liderin ali idarəçilik keyfiyyətlərini və liderlik xüsusiyyətlərini qeyd edərək, həmin seçkidən sonra Azərbaycanda intibah dövrünün başlandığını vurğulayıb və Ulu Öndər Heydər Əliyevi tək Azərbaycan vətəndaşlarının deyil, eyni zamanda bütün dünya azərbaycanlılarının lideri olduğunu bildirib.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov xalqımızın facilərdən çıxış yolunu axtararkən 90-cı illərin əvvəllərində Azərbaycan ziyalıları Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi partiyanın yaradılması zəruriliyini nəzərə alaraq Naxçıvana üz tutması və Yeni Azərbaycan Partiyasının yaranması, qısa zaman kəsiyində Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı fəlakətdən xilas etməsi barədə xatirlərini danışıb.
Dəyirmi masada çıxış edən YAP-ın gənc fəalları- Heydər Əliyev Mərkəzinin əməkdaşı Aysel Yunuszadə, 6 saylı Uşaq Sommatik Sanatoriyasının işçisi Türkanə Əliyeva və digərləri Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildiriblər.