2016-cı ilin sonunadək Sinqapur sakinləri işə və ya məktəbə sürücüsüz hərəkət edən kapsullarda getmək imkanı əldə edəcəklər. Bu kapsullar elektrik enerjisi ilə işləyir və dar küçələrdə avtonom hərəkət etmək qabiliyyətinə malikdir.
AZƏRTAC-ın verdiyi xəbərə görə, Hollandiyanın “2getthere” şirkəti və Sinqapurun “SMRT” adlı daşımalar operatorunun nümayəndələri elan ediblər ki, ilin sonunadək 24 yerlik avtobusları satışa çıxarmağa hazırlaşırlar. Bu nəqliyyat növünün bir istiqamətə saatda 8000 sərnişin daşımağa tab gətirəcəyi gözlənilir.
Yeni kapsulların ölçüsü artıq Əbu-Dabidə salınmış Masdar ekoloji biznes-parkında istifadə olunan kapsullardan böyükdür. Futuristik parkda 4 və ya 6 nəfərlik 10 ədəd elektrik kapsulu hərəkət edir. 2014-cü ildə sistemdə milyonuncu sərnişin qeydə alınıb.
“2getthere” şirkəti, həmçinin Rotterdamda yerləşən Rivium biznes-parkı üçün belə sistem yaradıblar. Bu sistemə hər biri 20 sərnişin daşıya bilən 6 kapsul daxildir. “2getthere” şirkətinin rəsmisi bildirib ki, gündəlik 2500 sərnişin bu kapsullardan istifadə edir.