27 aprel 2016 20:00
146

Neftçalanın daha bir kəndinə təbii qaz verilib

Neftçalanın Xoltəzəkənd kəndinə ilk dəfə olaraq “mavi yanacaq” verilib.

AZƏRTAC xəbər verir ki, rayonun 52 yaşayış məntəqəsindən 27-si qazlaşdırılıb. Xoltəzəkənd ilin əvvəlindən bəri təbii qazla təmin olunan 7-ci kənddir. Kənddəki 118 abonentin hər birinin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə təbii qazın verilməsi münasibəti ilə keçirilən mərasimdə çıxış edənlər sakinlərini təbrik edib və rayonun kənd və qəsəbələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, ilin əvvəlindən bəri rayonun 6 kəndinə “mavi yanacaq” verilib. Hazırda daha bir yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi aparılır. Yaxın günlərdə bu kəndin əhalisi də təbii qazdan istifadə edə biləcək.

Kənd sakinləri onlara göstərilən qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra kəndə təbii qaz verilib və evlərə baxış keçirilib.