“Azneft” İstehsalat Birliyində 2016-cı ilin birinci rübü ərzində zərərli istehsalat amillərinin minimuma endirilməsinə dair iclas keçirilmişdir.Birliyin Baş direktoru Daşqın İskəndərov iclası giriş sözü ilə açaraq, 2016-cı ilin birinci rübü ərzində istehsalat sahələrində neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmış, bu istiqamətdə mütəmadi aparılan tədbirlərin daim diqqət mərkəzində olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, zərərli istehsalat amillərinin ətraf mühitə və insan sağlamlığına təsirinin minimuma endirilməsi ilə əlaqədar beynəlxalq standartların tələblərinə cavab verən yeni avadanlıqlar, qurğular alınır və istehsalat sahələrində tətbiq edilir. Baş direktorun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov əməyin mühafizəsi sahəsində görülən işlər haqqında hesabatla çıxış etmiş, struktur vahidlərində mütəmadi yoxlamaların aparıldığını, aşkar olunmuş nöqsan və pozuntu hallarının qısa zamanda aradan qaldırıldığını qeyd etmişdir. Baş direktorun ekologiya üzrə müavini Faiq Cəfərov hesabat dövründə ətraf mühitin mühafizəsi, o cümlədən lay sularının qapalı sistemdə utilizasiyası, neftlə çirklənmiş torpaqların təmizlənməsi, mədən ərazilərinin abadlaşdırılması, bərk məişət tullantılarının zərərsizləşdirilməsi, qapalı yuma qurğularının quraşdırılması, dəniz neftçilərin su təminatının yaxşılaşdırılması və neft-mədən ərazilərində yaşıllıqların salınması sahəsində görülən işlərdən danışmışdır.
Baş direktor Daşqın İskəndərov yekun nitqi söyləyərək “Azneft” İB-də keyfiyyətli idarəetmə sisteminə keçidin, təhlükəsiz iş şəraitinin yaradılması məsələsinin vacibliyini vurğulamışdır. O, qəzaların baş verməsinin qarşısını almaq məqsədi ilə istehsalat sahələrində mütəmadi yoxlamaların keçirləcəyini bildirmiş, mümkün qəzalar zamanı işçilərin idarəedilməsi istiqamətində bütün lazımi maarifləndirici tədbirlərin, praktiki təlimlərin keçirilməsi ilə əlaqədar konkret tövsiyə və tapşırıqlar vermişdir.