ABŞ prezidenti Barak Obama Britaniyaya səfəri zamanı xanımı Mişel Obama ilə birlikdə Kensinqton sarayında Britaniya kraliçası II Yelizavetanın qonağı olub. ANS PRESS-in məlumatına görə, Obama ailəsini Britaniya kraliçası II Yelizaveta və onun həyat yoldaşı, şahzadə Filipp qarşılayıblar.
Kensinqton sarayında Barak və Mişel Obamalar Kembric hersoqu, şahzadə Uilyam, onun xanımı Kembric hersoginyası Keyt Middltonla görüşüblər. Görüşdə şahzadə Uilyamın qardaşı Harri də iştirak edib.
Görüşün ən maraqlı anı Obama cütlüyünün 2 yaşlı şahzadə Corc ilə görüşü olub. Balaca şahzadənin yatmaq vaxtı olduğu üçün o, gecə geyimində olub. Corc Barak Obamanın 2 il əvvəl ona hədiyyə aldığı atın üstündə prezidenti qarşılayıb. Şahzadə Corc ata görə Barak Obamaya təşəkkür edib.
ABŞ prezidenti Barak Obama ilə şahzadə Corcun birlikdə çəkildiyi şəklin mətbuatda əks olunması daha bir təfərrüatı meydana çıxarıb. Belə ki, şahzadə Corcun geyindiyi xalatın Türkiyənin Dənizli şəhərində istehsal edildiyi məlum olub. Xalatın istehsalçısı olan “Nakosan” firması, şəklin mətbuatda yayılmasından sonra İngiltərədəki təmsilçidən “Təcili” kodlu sifarişlər gəldiyini deyib. İstehsal etdiyi məhsulları xarici ölkələrə ixrac edən firmanın illik dövriyyəsinin 5 milyon avro olduğu bildirilib.
“Nakosan”ın direktoru Mehmet Boyar İngiltərə şahzadəsinin firmalarına aid məhsulu geyinməsinin və ABŞ prezidenti Barak Obamanı bu geyimlə qarşılamasının qürur verici olduğunu bildirib.
“Bizim üçün böyük sürpriz oldu. Mən də, ötən həftə əməkdaşlarımızdan birinin bu fotonu paylaşmasından sonra xəbər tutdum. İngiltərədəki müştərimizlə 2010-cu ildən bəri əməkdaşlıq edirik. Bizim onlara göndərdiyimiz məhsullardan biri necə olubsa kral ailəsinə gedib. Necə olduğunu bilmirik. Kiçik Corcun Obamanı bu geyimlə qarşılaması bütün dünya mətbuatında əks olundu. Biz xalatı görən kimi tanıdıq. Həmin məhsulların satışında artış olub və bizə intensiv sifarişlər gəlməyə başlayıb. Hazırda “Təcili” kodlu sifariş tələblərini qarşılamaq üçün həmin xalatdan istehsal edirik. Bu bizim üçün qürur mənbəyidir.” - deyə Mehmet Boyar qeyd edib.