“Azərikimya” İB-də “İstehsalat tullantı sularının təmizlənməsi qurğusu”nun təməlqoyma mərasimi keçirilmişdir
Aprelin 29-da “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun ərazisində SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin iştirakı ilə Birliyin struktur bölmələrində əmələ gələn məişət və sənaye çirkab sularının təmizlənməsi qurğusunun təməlqoyma mərasimi keçirilmişdir.“Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov Birlik müəssisələrində məişət və kimyəvi çirkab sularının idarə olunması ilə bağlı məlumat vermiş, 1967-ci ildən fəaliyyət göstərən “Təmizləyici qurgular” sahəsinin istismar müddətinin başa çatdığını bildirmiş, müasir standartlara uyğun yeni qurğunun tikintisi üçün qərar verildiyini və müvafiq prosedurların keçirildiyini söyləmişdir. Bildirilmişdir ki, qurğunun layihələndirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin satın alınması məqsədilə tender keçirilmiş, Türkiyənin “İdeal Atık və Su Arıtma Sistemləri” şirkəti tenderin qalibi olmuş və bu şirkətlə “Azərikimya” İB arasında müqavilə imzalanmışdır. Təməlqoyma mərasimində yeni qurğunun kimya sənayesi və ümumilikdə Sumqayıt şəhəri üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmış, qeyd edilmişdir ki, mövcud sutəmizləmə qurğusu 22 hektar ərazini əhatə etdiyi halda, yeni qurğu cəmi 1 hektar ərazidə inşa olunacaq. Layihə gücü 2500 kubmetr/gün olan qurğuda elektrik enerjisinə və əmək sərfinə qənaət etməklə sutka ərzində 520 kubmetr məişət, 1980 kubmetr kimyəvi çirkab sularının tam təmizlənməsi mümkün olacaq.
Təməlqoyma mərasimində “Azərikimya” İB müəssisələrinin modernləşdirilməsi çərçivəsində həyata keçirilən digər layihələrə də toxunulmuş, kimya sənayesinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq bildirilmişdir.