Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Qərbi Azərbaycan İcmasını ziyarət edib.
“İki sahil” xəbər verir ki, icmada keçirilən görüşdə TBMM tərəfindən Baş Katib Talip Uzun, Qərbi Azərbaycan İcması tərəfindən İcma sədri Əziz Ələkbərli və digər rəsmilər iştirak edib.
İcma sədri Əziz Ələkbərli bildirib ki, son 200 ildə azərbaycanlıların üzləşdiyi müsibətlərin gedişatında ötən əsr boyunca qərbi azərbaycanlılar dörd dəfə indiki Ermənistan ərazisindən deportasiya edilib, soyqırıma məruz qalıblar: "1987-1991-ci illəri əhatə edən sonuncu deportasiya əsnasında yaradılan təşkilat üç onillik boyunca soydaşlarımızın leqal təmsilçisi olub və bu ilin əvvəlində qəbul edilmiş Qayıdış Konsepsiyasına əsasən Qərbi Azərbaycanlıların geri qayıdışı istiqamətində müvafiq fəaliyyətini həyata keçirir. Öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq Qərbi Azərbaycanlıların fundamental insan hüquqlarıdır və bu hüquqlar təmin olunmalıdır".
İcma sədrinin müavini Ramil Həsən qonaqlara Qayıdış Konsepsiyasında nəzərdə tutulan digər istiqamətlər barədə danışıb, həmçinin Ermənistan ərazisində dağıdılan mədəni irsimiz, qəbristanlıqlar, dəyişdirilmiş toponimlərimiz barədə məlumat verib, bu abidələrin qorunması ilə bağlı İcmanın UNESCO-ya etdiyi müraciətləri xatırladıb.
Türkiyə Böyük Millət Məclisinin Baş Katibi Talip Uzun dinlədiklərindən təsirləndiyini bildirərək ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu, ağrı-acılarını bölüşdüyünü deyib. "Bir millət, iki dövlət" devizini dilə gətirən Baş katib Türkiyə ilə Azərbaycan arasında olan qardaşlıq modelinin dünyanın başqa heç bir nöqtəsində olmadığını vurğulayıb.
Görüşdən sonra nümayəndə heyəti İcmanın binası ilə tanış olub, burdakı şəkil, xəritə və stendlərlə bağlı qonaqlara məlumat verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər ediblər
Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb