19 oktyabr 2023 23:30
431

Əli Kərimli ən qatı daşnak kimi danışır…

Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 20-də başlayan qırx dörd günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə ən ümdə vəzifəni yerinə yetirərək torpaqlarımızı təxminən 30 illik erməni işğalından azad etdi. Tarixi ədalət bərpa olundu. Təəssüf ki, təcavüzkar Ermənistan imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliklərə əməl etmədi.  Ölkəmizin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edildi. Hayastanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı 2023-cü il sentyabrın19-20-də ordumuz lokal antiterror tədbirləri həyata keçirdi.

Prezidentimiz 2023-cü il oktyabrın 15-də Xankəndidə üçrəngli bayrağımızı ucaltmaqla Azərbaycanın son 200 illik tarixində yeni səhifə yaratdı- ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması prosesini ləyaqətlə, şərəflə yerinə yetirdi.

Azərbaycan haqq işi uğrunda savaşı qəhrəman oğullarımızın əzmkarlığı, yenilməz iradəsi sayəsində cəmi qırx dörd gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Hazırda Azərbaycan dövlətinin demək olar ki, bütün gücü Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq prosesinə yönəlib.  Sevindirici haldır ki, işğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşdırılması davam edir, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdirilir. 

Təbii ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, çevik strategiyası, mahir diplomatiyası, həyata keçirdiyi modern ordu qurculuğu, əsgər və zabitlərimizin rəşadəti sayəsində tarixi Zəfərlə başa çatan Vətən müharibəsi bütün dünyanı heyrətləndirdi. Tarixi Qələbəmiz təcavüzkar Ermənistanın və onun havadarlarının ölkəmizə qarşı bütün çirkin planlarını, xəyallarını alt-üst etdi.

Bütün bunlar düşmənlərimizi xar etdiyi kimi, dostlarımızın böyük sevincinə səbəb oldu. Bu günlərdə dövlətimizin başçısının Xankəndidə Azərbaycan Bayrağını ucaltması haqda danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Azərbaycanın qazandığı Zəfəri tayı-bərabəri olmayan qələbə adlandırıb: “Əlbəttə ki, hazırkı mərhələyə gəlmək o qədər asan olmadı. Dünyada son 3-4 ildir ki, qeyri-müəyyən və təhlükəli vəziyyət yaranıb. Tək bu il yaşanan hadisələrə nəzər yetirsək, beynəlxalq vəziyyətin necə qarışıq olduğunu görə bilərik. Afrikada, Balkan yarımadasında, Ukraynada, Suriyada, İraqda, Tayvanda, indi də Qəzzada baş verənlər qarşıdan gələn Üçüncü Dünya müharibəsinin ayaq səsləridir. Dolayısı ilə bu qədər böyük risklərin olduğu dövrdə Azərbaycanın öz torpaqlarını işğaldan qurtarması və Şanlı Bayrağımızı həmin yerlərdə yenidən dalğalandırması, bütün bunları tamamilə beynəlxalq hüquq normaları içərisində etməsi çox böyük uğurdur. Yəni minimum itki ilə 17 min kvadrat kilometr ərazini işğaldan azad etmək demək olar ki, qeyri-mümkündür. Ancaq Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə bunu bacardı…”.

Bu gün bayrağımızın Laçında, Şuşada, Cəbrayılda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Zəngilanda, Ağdərədə və.s olduğu kimi, Xankəndidə dalgağanması xalqımıza hədsiz sevinc və qürur hissi yaşadıb. Çox təəssüf ki, ölkəmizdəki dağıdıcı müxalifət nümayəndələri belə bir həssas dönəmdə sosial şəbəkələrdə məsələ ilə bağlı qərəzli, səviyyəsiz və əxlaqsızcasına apardıqları təxribatçı çıxışlarını utanmadan hələ də davam etdirirlər. Xüsusilə radikal müxalifətin “başbilən”lərindən olan AXCP sədri Əli Kərimlinin “İlham Əliyev Qarabağın azad olunmasına həqiqətənmi məqsədyönlü siyasəti ilə nail olub, yoxsa beynəlxalq şərtlərin dəyişməsi bu hərbu uğura əsas yaradıb?” kimi iyrənc fikirləri dediklərimizin əyani təsdiqidir. Ə. Kərimli utanmadan deyir ki, Azərbaycanın torpaqlarının geri alınması, işğala son verilməsi Köçaryan-Sarkisyan cütlüyünün “hərbi uğuru”ndan azdır...

Nə qədər iyrənc və absurddur. Daha nə deyəsən?... Əslində ötən əsrin 90- cı illərinin əvvəllərində respublikamızda idarəçiliyi hərbi çevriliş ilə zəbt edən, öz xəyanətkarlığı ilə torpaqlarımızın düşmən tərəfindən işğalına səbəb olan AXC-Müsavat hakimiyyəti illərində dövlət katibi vəzifəsini icra edən Əli Kərimlidən bundan artıq heç nə gözləmək olmaz.

Bütün dünya bilir ki, Vətən müharibəsində qazandığımız bu tarixi Qələbənin təməlində Azərbaycanın ötən müddətdə uğurla həyata keçirdiyi xarici siyasət, möhtəşəm ordu quruculuğu, sosial-iqtisadi inkişaf, sarsılmaz vətəndaş-iqtidar həmrəyliyi və ölkəmizin regional güc mərkəzinə çevrilməsi siyasəti dayanırdı. Bütün bunların fonunda birmənalı demək olar ki, korporativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyətini və təəssübünü, mənəviyyatını, həqiqət duyğusunu tapdalayan Əli Kərimli başda olmaqla bu qaragüruhun milli birliyimizə xələl gətirmək, cəmiyyəti çasdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxaraq göstərdiyi xəyanətkar fəaliyyət fiaskoya uğrayacaq.

Zahid Rza, “İki sahil”