20 oktyabr 2023 12:37
239

Rabatda Müstəqilliyin Bərpası Günü və Ulu Öndərin 100 illik yubileyi münasibətilə ziyafət verilib

Rabat şəhərində Azərbaycan Respublikasının Mərakeşdəki səfirliyinin təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə rəsmi ziyafət təşkil edilib.

“İki sahil” xəbər verir ki, səfirlikdən bildirilib ki, tədbirdə Mərakeş dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, media, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də Azərbaycan diaspor təmsilçiləri iştirak ediblər.

Səfir Nazim Səmədov 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə ölkəmizin XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşduğunu diqqətə çatdırıb. Bununla yanaşı, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi, Şərqdə ilk dünyəvi, parlament respublikası kimi Azərbaycanın mühüm mütərəqqi təsisatlara malik olması, çoxpartiyalı sistem, plüralist parlament və azad medianın fəaliyyət göstərməsindən bəhs edilib. 2023-cü il ölkəmizdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyini bildirən səfir, Heydər Əliyevin Azərbaycan İntibahının müəllifi kimi müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafında əvəzsiz xidmətlərindən danışıb. Həmçinin Ulu Öndərin 1994-cü ildə Kasablankaya səfərinin Azərbaycanla Mərakeş arasında əlaqələrin təməlini qoyduğu, ötən dövr ərzində iki dövlət arasında dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini vurğulayıb. Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin 32-ci ildönümündə Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə iqtisadi tərəqqi və dirçəlişə nail olduğu, ölkəmizin beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevrildiyi vurğulanıb, xüsusilə son antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin tam şəkildə bərpa olunmasının tarixi əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxış etmiş Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohammed Mehdi Bensaid Mərakeş və Azərbaycanın ortaq cəhətlərinə istinad edib, iki dövlət arasında formalaşmış dostluq münasibətlərinin ortaq xüsusiyyətlərə və ümumi istəklərə əsaslandığını deyib. Nazir hər iki ölkənin öz ərazi bütövlüyünə və beynəlxalq hüquqa sadiq olduğunu, sülh və beynəlxalq əməkdaşlığın yalnız milli suverenliyə tam hörmət vasitəsilə əldə edilə biləcəyinə inandığını vurğulayıb. Mərakeş və Azərbaycanın mədəniyyətə verdiyi önəmi vacib ortaq dəyər kimi dəyərləndirən Mərakeş rəsmisi Azərbaycanın qədim tarixi, zəngin mədəni irsə malik olduğunu bildirib, ölkəmizin qeyri-maddi mədəni irsin qorunmasına və müdafiəsinə xüsusi diqqət ayırdığını bildirib.

Ziyafət mərasimi çərçivəsində, həmçinin Ulu Öndərin həyatı və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib. Bununla yanaşı, Mərakeşdən olan musiqi kvartetinin ifasında dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli və Qara Qarayevin, eləcə də dünya bəstəkarlarının əsərləri səsləndirilib. Həmçinin ölkəmizin turizm potensialı ilə bağlı videoçarxlar nümayiş etdirilib, Azərbaycan guşəsində milli mətbəximizin nümunələri qonaqlara təqdim edilib.