20 oktyabr 2023 14:57
266

Kristin Yahama: Fransa pul xatirinə Keniyada əhalinin sağlamlığına etinasız yanaşır

“Fransa mümkün qədər çox pul qazanmaq üçün Keniyada əhalinin sağlamlığına etinasız yanaşır”.

“İki sahil” xəbər verir ki, bunu Keniyada ictimai səhiyyəyə dəstək verən QHT-nin sədri Kristin Yahama Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Müstəmləkəçilik xalqın təfəkküründə nəsillər boyu dərin iz buraxıb. Məsələn, Keniyada infrastrukturun yaxşılaşdırılmasına kifayət qədər diqqət yetirilmir, baxmayaraq ki, bu, iqtisadi inkişafın açarıdır. Bundan əlavə, əhalinin sağlamlığını qorumaq ehtiyacını unuduruq”, - o bildirib.

K.Yahama qeyd edib ki, Keniya təbii sərvətlərlə zəngindir: "Lakin onların çıxarılmasında civədən istifadə olunur. Bu isə sağlamlığa ciddi ziyan vurur".

Hüquq müdafiəçisi onu da vurğulayıb ki, ölkənin su ehtiyatlarının əhəmiyyətli hissəsi Keniyada hasil edilən qızılın təmizlənməsi üçün istifadə olunur: "Təəssüf ki, təmiz su Keniyada çox bahadır. Biz onsuz da su qıtlığından əziyyət çəkirik. Qızıl emalı zavodları isə vəziyyəti daha da pisləşdirir".