20 oktyabr 2023 18:22
392

Lavrovla Ceyhun Bayramov arasında telefon danışığı olub - YENİLƏNİB

Oktyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə mövcud perspektivlər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, habelə bölgədəki cari vəziyyət barədə müzakirə aparıblar.

Regionda sülh və sabitliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında bərabər və qarşılıqlı hörmətə əsaslanan davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylərin davam etdirilməsinin, bu gün bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Oktyabrın 20-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

“İki sahil” Rusiya XİN-ə istinadla xəbər verir ki, Xarici İşlər Nazirləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmi müzakirə ediblər.

"3+3" məsləhət regional platformasının fəaliyyəti ilə bağlı yanaşmalar nəzərdən keçirilib.

Sonrakı təmaslar barədə razılığa gəlinib.