“Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri keçirilir.
“İki sahil” xəbər verir ki, tədbirin açılış mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev çıxış edib.
Xidmət rəisi kiberhücumların simulyasiya edilməsi ilə yarış formatında keçirilən tədbirin ölkəmizin qeyd olunan sahədə əldə etdiyi təcrübələri daha da təkmilləşdirməyə, tərəfdaş ölkələrlə kibertəhlükəsizlik sahəsində mövcud münasibətlərin inkişafına, gələcək əməkdaşlıq üçün yeni üfüqləri müəyyən etməyə yardımçı olacağını deyib:
“Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində hazırda ölkəmiz sənaye inqilabı üzrə regional mərkəzə çevrilməkdədir. Ölkəmizin elmi-texniki tərəqqisində mühüm rol oynayan informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı bu sahədə təhlükəsizlik risklərinin idarə edilməsini və informasiya infrastrukturlarının kibertəhdidlərə qarşı dayanıqlılığının artırılmasını da labüd edir. Bu isə öz növbəsində təhlükəsizliyin təmin olunmasında yeni yanaşmalar tələb edir və informasiya təhlükəsizliyinin etibarlı təminatı baxımından dövlətlərin məsuliyyətini xeyli artırır. Təsadüfi deyil ki, kritik informasiya infrastrukturlarının kibermüdafiə qabiliyyətinin gücləndirilməsi müasir dövrün ciddi əhəmiyyət kəsb edən çağırışlarından və təhlükəsizlik cəhətdən vacib vəzifələrdən hesab olunur.
Ölkə başçısının müvafiq Fərmanına uyğun olaraq, hazırda Milli Kibermərkəzin qurulması istiqamətində işlər həyata keçirilir. Onu da qeyd edim ki, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də kibertəhdidlərə qarşı mübarizə işinin təşkili yönümündə tərəfdaş ölkələrin xüsusi xidmət orqanları və kibertəhdidlərə qarşı mübarizə sahəsində qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıq genişləndirilir və bütün bunlar milli kiberməkanın müdafiə qabiliyyətinin artırılmasına, həmçinin qlobal kiberməkanda mövqeyimizin gücləndirilməsinə xidmət edir.
Xüsusilə vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnmişdir. Belə ki, Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan Respublikası 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə kimi irəliləmişdir. Qeyd olunmalıdır ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hazıradək qazandığı ən yüksək mövqedir”.
Ə.Nağıyev çıxışında kibertəhlükəsizlik üzrə yerli mütəxəssislərin bir araya toplanması, fikir mübadiləsinin aparılması, özəl və dövlət sektoru, həmçinin ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasında xüsusi əhəmiyyətə malik olacağını və bu yarışda qazanılan bilik və təcrübələr Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcəyini qeyd edib.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb