27 oktyabr 2023 17:49
355

İrəvanla Bakı arasında sülh sazişinə dair müsbət irəliləyişlər var- Gürcüstan parlamentinin sədri

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair müsbət irəliləyişlər var”.

“İki sahil” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstanın əsas məqsəd və istəklərindən biri Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasıdır: "Şadam ki, bununla bağlı sülh sazişinin imzalanması üçün müsbət irəliləyişlər var. Ümid edirəm ki, bu, ən qısa zamanda həyata keçiriləcək. Çünki regionumuzu sülh və təhlükəsizlik məkanına çevirmək ümumi mənafeyimizə uyğundur”.

O qeyd edib ki, Gürcüstan dəfələrlə dostlarına - Azərbaycana və Ermənistana əsaslı müzakirələr üçün şərait yaradıb: "Bu, həmişə müxtəlif formatlarda və müxtəlif səviyyələrdə olub. Gürcüstan demək olar ki, hər iki dövlətin mütləq etimad göstərdiyi yeganə ölkədir”.

Qeyd edək ki, 2021-ci ilin sonunda Gürcüstan hökuməti Sülh Qonşuluq Təşəbbüsünə başladı. Ölkənin Baş naziri İrakli Qaribaşvili tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını Azərbaycan və Ermənistana təklif edib. 2022-ci ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü baş tutub.