27 oktyabr 2023 23:44
859

Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir

ADPU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu mövzuda tədbir keçirildi

Oktyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir” adlı tədbir keçirildi. ADPU-da keçirilən tədbirdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, elmi-pedaqoji ictimaiyyətin nümayəndələri, həmçinin Qərbi Azərbaycan ziyalıları iştirak edirdilər.

Əvvəlcə Filologiya fakültəsi tərəfindən hazırlanmış “Zəfər guşəsi”nin açılışı oldu. İki hissədən ibarət olan guşənin birinci hissəsində ADPU-nun Birinci Qarabağ və 44 günlük Vətən müharibələrində şəhid olmuş tələbə və məzunlarının adları əks olunub, ikinci hissədə isə “Dəmir yumruq” ətrafında Şuşa qalasının işğaldan azad olunması ilə bağlı möhtəşəm kompozisiya tədqim edildi.

Qeyd edək ki, ADPU-nun tələbə və məzunlarından Birinci Qarabağ müharibəsində adları məlum olan 29 nəfər, Vətən müharibəsində 14 nəfər, 2022-ci ilin sentyabr döyüşlərində isə 1 nəfər şəhidlik zirvəsinə ucalıb. Onlardan 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb, 3 nəfəri isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın dəstəyi və təşəbbüsü ilə keçirilən tədbirdə “Zəfər guşəsi”nin açılışından sonra iştirakçılar Qərbi Azərbaycanın folklor sənəti nümunələri, tarixi, etnoqrafiyası ilə bağlı kompozisiyalarla, kitab sərgisi və Dərələyəz mahalının tanınmış simalarının fotoşəkilləri ilə tanış oldular, universitetdəki Heydər Əliyev muzeyini ziyarət etdilər.

Daha sonra Dövlət Himnimizin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizn əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbirin rəsmi hissəsi başladı. Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Azərbaycanın Dövlət bayrağını ucaltmasını xatırladaraq, bu gün xalq olaraq möhtəşəm tarixi dövr yaşadığımızı vurğuladı. Bildirdi ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan müasir dövlətçilik siyasətinin layiqli Sərkərdəsi olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz gücü hesabına ərazi bütövlüyü və suverenliyini bərpa edib. Bu gün nəinki Qarabağ və Şərqi Zəngəzura qayıdırıq, eyni zamanda, Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşdırılmasına başlanılıb.

Qeyd edildi ki, Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının yeni inzibati binasının açılış mərasimindəki nitqində İcma ziyalılarına Qərbi azərbaycanlıların öz tarixi Vətənlərinə qayıda bilmələri üçün hər zaman dövlətin köməyinə arxalana biləcəklərini bəyan etdi. Ölkə başçısının bu bəyanatı 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından  kütləvi surətdə deportasiyası haqqında” Fərmandan irəli gələn vəzifələrin icrasına yönələn addımların davamıdır: “Bu, XIX əsrin sonları - XX əsrin əvvəllərindən bugünkü Ermənistandan - azərbaycanlıların minillik tarixi olan Vətənlərindən zorla çıxarılması ilə başlayan və 100 ildən artıq davam edən prosesə qarşı hüquqi-siyasi mübarizənin başlanğıcı idi. Biz yüz minlərlə azərbaycanlının beynəlxalq konvensiyalarla təsbit olunan əzəli haqlarına qovuşacağına inanırıq.”

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, ADPU-nun prorektoru, İcmanın Dərələyəz mahalının Keşkənd və Paşalı rayonları üzrə sədrləri Mahirə Hüseynova və Faiq Xudayev mövzu ətrafında geniş məruzələr etdilər. Ermənilərin tarixi irsimizə qarşı törətdikləri vandallıq aktları, soydaşlarımızın məcburi deportasiyaları zamanı üzləşdikləri soyqırımları və qətliamlar haqqında danışan məruzəçilər bildirdilər ki, Qərbi Azərbaycan irsinin daha dərindən araşdırılması, həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə təbliği bu gün informasiya və elm sahəsində çalışan hər bir kəsin qarşısında duran vacib vəzifə olmalıdır. Bu istiqamətdə əsaslı elmi araşdırmaların aparılmasında mərhum akademik Həsən Mirzəyevin genişmiqyaslı tətqiqatlarının mühüm mənbə rolunu oynadığı xüsusi vurğulandı.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fəzail Ağamalı, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, İcma nümayəndələrindən Səməd Vəkilov, Məhəmməd Rəsuloğlu, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, akademik Abel Məhərrəmov və başqaları əzəli torpaqlarımıza qayıdışla bağlı ali təhsil müəssisələrində bu cür geniş maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğuladılar, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğuna təşəkkür etdilər.

“Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir” adlı tədbir incəsənət nümayəndələrinin və Filologiya fakültəsində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərinin ifasında bədii hissə ilə davam etdirildi. Sonda Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olundu, xatirə şəkli çəkdirildi.

Mahir Rəsuloğlu, “İki sahil”