29 oktyabr 2023 11:00
390

Kanada qərəzli siyasəti ilə Fransa kimi Cənubi Qafqazda biabırçı flaskoya uğrayacaq - Sadiq Qurbanov

Təcavüzkar Ermənistan üçün dəridən-qabıqdan çıxan ölkələrdən biri də Cənubi Qafqazla heç bir əlaqəsi olmayan, hayların qondarma “soyqırımı”nı tanıyan Kanadadır.  44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı erməni lobbisinin əsiri olan Kanadanın ermənipərəst mövqe sərgiləməsi, böhtanlarla dolu bəyanatlar səsləndirməsi  təəccüblü deyildi.  Bu ölkə “ənənə”sinə sadiq qalmaqdadır. Belə ki,  oktyabrın 25-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat brifinqində Kanadanın xarici işlər naziri Melani Coli hazırda iki ölkə arasında münasibətlərin mühüm mərhələdə olduğunu qeyd edib. O, Kanadanın yeni səfirliyinin İrəvanda rəsmi olaraq açılışını da bu  yeni mərhələnin məhsulu kimi dəyərləndirib. Şübhəsiz, səfirlik açmaq, bununla əlaqədar tədbirə qatılmaq qəbahət deyil. Amma bu səfirlik o səfirliklərdən deyil. Çünki belə bir səfirliyin açılmasında Kanadanın əsas məqsədi Ermənistanın əli ilə anti-Azərbaycan fəaliyyətini maksimum səviyyəyə çatdırmaqdır. Kanada, həmçinin bölgədə möhkəmlənmək niyyətində olan Fransanın təkidi ilə Avropa İttifaqının  Ermənistandakı Monitorinq missiyasına da qoşulub. Yeri gəlmişkən, Kanada Aİ-nin Ermənistanda­kı missiyasına qoşulan yeganə qeyri-Avropa ölkəsidir. Müşahidəçilər missiyasının Cermukdakı ofisinə baş çəkən Melani Joli ölkəsinin Ermənistana müşahidəçi göndərmək arzusunu  da dilə gətirib. Bir qədər də irəli gedən Melani Coli Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib və hətta Bakını sanksiyalarla hədələyib. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa bir çağırış belə etməyən Kanadanın indi tutduğu mövqe, Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Sadiq Qurbanov qeyd edib ki, erməni separatçılarına dəstək göstərmək, könüllü olaraq Ermənistana köçənlərin guya Azərbaycanın zorakılığı nəticəsində “qaçqın” düşdüyünə dair sərsəm açıqlamalar vermək Kanada xarici siyasət idarəsinin səfər gündəliyinin əsas məzmununu təşkil edib.  Şübhəsiz, o, bununla Azərbaycana beynəlxalq təzyiq alətləri formalaşdırmağa çalışır. Halbuki, rəsmi Bakı Qarabağın erməniəsilli sakinləri ilə bağlı beynəlxalq humanitar hüquqdan kənar heç bir addım atmayıb. Qarabağın erməni sakinləri bölgədən zorla çıxarılmayıb, əksinə dövlətimiz onların qalmasında maraqlı olub. Yəqin ki, bütün bunları Melani Coli də bilməmiş deyil. Ya da bu onun ümumiyyətlə, bölgədəki real vəziyyətdən xəbərsiz olduğuna dəlalət edir. Colinin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir. Colinin Azərbaycanı sanksiyalarla hədələməsi isə artıq isterikadır. Çünki Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir.  Deputat qeyd edib ki, bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə kanadalı nazir tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Ermənistanın 30 il işğalda saxladığı ərazilərimizdən məcburi köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir. Yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir. Kanada öz keçmişinə görə utanmalıdır. Hələ də bu ölkədə yerli aborigen xalqların uşaqları ilə bağlı kütləvi məzarlıqlar tapılması barədə sosial şəbəkələrdə çox sayda məlumat var. İnternet resurslarındakı məlumata görə Kanadanın qərbində tapılan kütləvi uşaq məzarlığında 215 uşağın qalıqları aşkarlanmışdı. Bu məktəb 1890-1978-ci illərdə mövcud olub və yerli xalqlar üçün “tərbiyə düşərgəsi” adlandırılıb. 1960-cı illərin sonlarına qədər rezident məktəb Katolik Kilsəsi tərəfindən idarə olunub, daha sonra isə Kanada hökumətinin nəzarəti altına keçib.  Öldürülən uşaqlardan bəzilərinin cəmi 3 yaşı olub. Başqa bir məlumata görə Kanadanın Saskaçevan əyalətindəki keçmiş “Beauval” hindu məktəbinin ərazisində isə 79 uşaq, o cümlədən 14 körpənin dəfn edildiyi kütləvi məzarlıq tapılmışdı.  Statistikaya görə, 130 xristian məktəbinin 150 min şagirdindən ən az 3.2 mini döyülmə və xəstəlikdən ölüb. Kanadadakı bu məktəblərdən sonuncusu yalnız 1996-cı ildə bağlanıb. İndi bu dövlət Azərbaycanı sanksiya ilə hədələyir.

Sadiq Qurbanov bildirib ki, Azərbaycan qarşı qərəzli mövqe tutan Kanada şirkətlərinin Azərbaycanda fəaliyyəti məhdudlaşdırılmalıdır. Bu gün Azərbaycanın nə Kanadaya, nə də onun şirkətlərinə ehtiyacı yoxdur. Prezident İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmaq yerinə düşərdi: “Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiy­yəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz”. Kanadanın Ermənistanda səfirlik açması,  missiyaya  qoşulması, sərsəm bəyanatlar səsləndirməsi heç nəyi dəyişməyəcək. Kanada özünün düşünülməmiş siyasəti ilə Fransa kimi Cənubi Qafqazda biabırçı flaskoya uğrayacaq.