30 oktyabr 2023 10:45
322

Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair hesabat hazırlanıb

“Etnik zəmində nifrət siyasətinin həyata keçirilməsi, nifrət nitqinin mövcudluğu ümumbəşər dəyərlərlə ziddiyyət təşkil etməkdədir. Bu cür mənfi hallar millətlər, dövlətlər arasında münaqişələrin baş verməsinə gətirib çıxarır, cəmiyyətdə hüquq bərabərliyinin təmini məsələsinə maneə yaradır”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatında deyib.

O deyib ki, təəssüflər olsun ki, uzun illərdir Azərbaycan da bu siyasətin acı nəticələrindən əziyyət çəkir: “Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, bu ölkənin siyasi rəhbərliyinin bölgədəki digər millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət edilib. Ermənistan tərəfin torpaqlarımızın uzun illər işğal altında saxlanılması və bir milyondan çox insanın öz yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi azərbaycanlılara qarşı aparılan nifrət siyasətinin bariz göstəricisidir”.

Ombudsman deyib ki, bu gün sosial şəbəkələrdə və rəqəmsal mediada Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi daha da artmaqdadır: “Xüsusilə qeyd olunmalıdır ki, Ermənistanda cəmiyyətin müxtəlif təbəqələri, eləcə də dünyanın müxtəlif bölgələrində yaşayan erməni əsilli şəxslər tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi kəskin şəkildə ifadə edilməkdədir. Bu cür hallar İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə daha geniş vüsət alıb. Belə ki, istər sosial şəbəkələrdə, istərsə də mətbuatda ölkəmizə və azərbaycanlılara qarşı aşağılayıcı, təhqiramiz, açıq şəkildə nifrəti təbliğ edən ifadələr səsləndirilib.

Hazırda sosial şəbəkələrdə, internet saytlarda davamlı olaraq azərbaycanlıları hədələyən açıqlamaların verilməsi, onlara münasibətdə aqressiv və insan ləyaqətini alçaldan ifadələrin işlənməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış dözümsüzlük siyasətinin daha bir təzahürüdür”.

Ombudsman deyib ki, Sosial Tədqiqatlar Mərkəzi ilə birgə əməkdaşlıqda ingilis dilində iki hesabat nəşr olunub: “Əldə edilmiş faktoloji materiallardan, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmaqla hazırlanmış hesabatlar Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq və bu siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etmək məqsədi daşıyır. Bu hesabatlar beynəlxalq səviyyədə Azərbaycanın maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu hesabatlarla yanaşı, tərəfimizdən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair daha bir hesabat, o cümlədən azərbaycanlılara qarşı aparılan nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı videomaterial da hazırlanıb. Bu materiallar əlçatanlığın təmini məqsədilə təsisatın rəsmi internet saytında və sosial şəbəkə hesablarında yayımlanıb. Bu sahə üzrə məsələlər bundan sonra da araşdırılacaq və növbəti materiallar, hesabatlar hazırlanacaq”.