01 noyabr 2023 12:08
340

Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi Qaydası təsdiqlənib

Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi qaydası təsdiqlənib.

“İki sahil” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Bu Qayda aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsinə dair tələbləri və icra mexanizminin əsaslarını müəyyən edir, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və digər beynəlxalq mülki aviasiya təşkilatlarının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi nəzərə alınmaqla, aviasiya subyektləri, həmçinin aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə üzərinə öhdəliklər götürmüş digər subyektlər (bundan sonra - yoxlanılan subyektlər) tərəfindən təhlükəsizlik sisteminin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. Bu Qaydanın müddəaları mülki aviasiya sahəsində aviasiya təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən yoxlanılan subyektlərə münasibətdə aparılan yoxlamalara şamil olunur. Bu Qaydanın məqsədi mülki aviasiya fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması üzrə tətbiq edilən tədbirlərin səmərəliliyinin artırılması, yoxlanılan subyektlərdə aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tətbiq olunan qayda və prosedurların Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”na (bundan sonra - Dövlət Proqramı) və Qaydalara uyğunluğunun müəyyən edilməsindən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlərin təkmilləşdirilməsi və aviasiya təhlükəsizliyinin təmini sistemində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına yönəldilmiş tədbirlərin müəyyən edilməsindən ibarətdir.