Afrikadakı ən qədim insan DNA-ları yeni nəticələr ortaya çıxarıb.
“Ölkə.Az” xəbər verir ki, Mərakeşin məşhur Grotte des Pigeons mağarasında kəşf edilən qəbirlərdən götürülən nümunələr Daş Dövründəki köçlərlə bağlı yeni məlumatların əldə edilməsinə səbəb olub.
1940-cı ildən davam edən arxeoloji qazıntılar 2006-cı ildə qəbirlərin kəşf edilməsi ilə nəticələnib. 15 min il əvvəl ovçuluq-yığıcılıqla məşğul olan insanlar bu mağarada meyitləri heyvan buynuzu və digər hədiyyələrlə birlikdə dəfn ediblər. Mağarada araşdırma aparan qrup bu insanların mədəniyyətini İberomaurusian mədəniyyəti adlandırıb.
Şimali Afrikada Mərakeş, Əlcəzair və Tunisdə yaşayan iberomaurusianlar Avropaya edilən köçlərlə yaxından əlaqəli olublar. Onlar Aralıq dənizi vasitəsilə avropalı ilk məskənçilərlə əlaqə qurublar.
Sonuncu tədqiqatlar isə bu insanların kökü haqqında fərqli ehtimallar üzə çıxarıb. Alimlər son arxeoloji qazıntılar zamanı müxtəlif sümüklər əldə ediblər. Almaniyanın “Max Planck” institutunun tədqiqatçıları 5 nəfərdə sadəcə analardan övladlarına keçən bir növ DNA strukturu kəşf edib.
Məlum olub ki, mağarada dəfn edilən insanlar avropalılarla qətiyyən əlaqəli olmayıblar. Analizlərə görə, iberomaurusian DNA-larının üçdə biri Səhra altı afrikalıların DNA-sına bənzəyir.