03 noyabr 2023 10:20
602

Astanada TDT-nin yubiley sammiti keçirilir - YENİLƏNİB

Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşü keçirilir.

“İki sahil” xəbər verir ki, tədbirin açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bütün iştirakçıları salamlayıb.

Açılış nitqində Qazaxıstan Prezidenti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra etdi.

***

Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti başlayır.

“İki sahil” xəbər verir ki, sammit çərçivəsində fövqəladə hallar və metrologiya sahəsində çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Bundan əlavə, TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanacaq.

Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

Qeyd edək ki, 2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edir. Sədrliyin başlanğıcı ötən ilin noyabrında “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” çağırışı altında keçirilən TDT sammiti olub.