03 noyabr 2023 22:58
442

Con dayının “ədaləti”...

ABŞ Cənubi Qafqazdakı proseslərə beynəlxalq qanunlar prizmasından deyil, öz maraqları çərçivəsində yanaşır

Okeanın o tayından Ermənistanla bağlı narahatlıq dolu, beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmiş Azərbaycanın isə əleyhinə səslənən bəyanatlar ABŞ-ın da Cənubi Qafqazdakı proseslərə insan hüquqları və ədalət prizmasından deyil, öz maraqları çərçivəsində, ikili standartlarla yanaşdığını göstərir. Amerika həqiqətən regionda sülhün mövcudluğunda maraqlı olsaydı, o zaman məhz ermənilərin işğalçılıq siyasətinin nəticəsi olaraq yaranmış Qarabağ probleminin elə ilk vaxtlarda həllinə nail ola bilərdi. Bəllidir ki, ABŞ-ın bunu etmək imkanında olduğu mübahisə tələb etməyən həqiqətdir. Ancaq artıq “dəfn edilmiş” ATƏT-in Minsk qrupunun digər həmsədrləri kimi, ABŞ da erməni işğalının sona çatması, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeydsiz-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icra edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası üçün heç bir addım atmayıb. Daha doğrusu, atmaq istəməyib. İndi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və real sülh imkanının yarandığı bir vaxtda ABŞ Dövlət Departamentinin, həmçinin digər qurumlarının müxtəlif çinli səlahiyyətliləri səviyyəsində vəziyyəti yenidən gərginləşdirməyə hesablanmış bəyanatlar verməklə məşğuldurlar. Sanki Ermənistan Rusiyadan üz çevirməsi ilə ABŞ, Fransa və digər bəzi Qərb dövlətlərinin nəzərində bu vaxta qədər törətdiyi bütün cinayətlərin məsuliyyətindən azad edilərək “toxunulmazlıq” hüququ qazanıb...

Bugünlərdə “Amerikanın səsi” radiosunun erməni xidmətinin sorğusunu cavablandıran ABŞ Dövlət Departamenti Ermənistanın ABŞ-ın yaxın tərəfdaşı və dostu olduğunu bildirib, onun suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb. Əlbəttə, hansısa bir dövlətin başqa biri ilə dostluq etməsində qeyri-adi heç nə yoxdur. Ancaq bu dostluq nahaqdan, heç bir səbəb olmadan üçüncü bir dövlətə qarşı iftiralar atmağa, hədə və hədyan dolu bəyanatlar səsləndirməyə əsas vermir. Maraqlıdır ki, güc tətbiqinin əleyhdarı kimi çıxış edən, Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün hər hansı pozulmasının ciddi nəticələrə gətirib çıxaracağını deyən ABŞ Azərbaycanın torpaqlarının uzun illər işğal altında qalması faktna bircə dəfə olsun belə həssas yanaşmayıb. Əgər ABŞ keçmiş Qarabağ münaqişəsinin timsalında beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə ədalətli münasibət göstərsəydi məsələnin güc tətbiq etməklə həllinə ehtiyac qalmaz, problem sülh yolu ilə həll olunardı. Çünki beynəlxalq hüquq da, demokratiya da, insan haqları da Amerikanın sözdə deyil əməldə belə yanaşmasını tələb edirdi. Ancaq biz reallıqda tamam başqa davranışın şahidi olmuşuq. ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, Qarabağdakı separatçıların, xunta “rəhbərlərinin” qeyri-qanuni fəaliyyətlərinin dəstəklənməsi məqsədilə “okeanın o tayına” səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib. Məhz ABŞ-ın da iştirak etdiyi vasitəçilik cəhdləri nəticə vermədiyi, Ermənistanın işğalçı siyasətinin qarşısı alınmadığı üçün Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə məcbur olub. Odur ki, keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə ABŞ da məsuliyyət daşıyır.

Daha bir vacib məqam ABŞ-ın, həmçinin bəzi Qərb dövlətlərinin vaxtilə ermənilər tərəfindən qətliamlara, soyqırımlarına məruz qalmaqla zorla öz doğma ev-eşiyindən qaçqın, məcburi köçkün düşmüş azərbaycanlılarla müqayisədə son hadisələrdən sonra könüllü şəkildə Ermənistana köçməyə qərar vermiş erməniəsilli şəxslərə olan münasibətlərindəki ədalətsizliklə bağlıdır. O ermənilərin ki,

əksəriyyəti qanunsuz yollarla ölkəmizə gətirələrək işğal edilmiş ərazilərdə məskunlaşdırılmış, yaxud qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşmək məqsədilə Qarabağda yerləşdirilmişdi. Yəni, beynəlxalq hüquqla cinayət törətmiş şəxslərdir və indi onlar üçün əl-ayağa düşən ABŞ Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlənmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç zaman bu qədər qətiyyətlə təşviq etməyib.

Azərbaycan erməni işğalına son qoymaqla, Qarabağ münaqişəsini tarixə qovuşdurmaqla öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edib və Cənubi Qafqazda yeni reallıqlar yaradıb. ABŞ da, ermənipərəst Qərb də bu reallıqlarla barışmağa məcburdur. Odur ki, Azərbaycanla təhdid dili ilə danışmaqdansa sülhün və sabitliyin təmin edilməsi prosesində hələ də əsas maneə olan təcavüzkar Ermənistanı yenidən cəsarətləndirmək siyasətinə son qoyulmalıdır. Yeni reallıqlardan biri də bundan ibarətdir ki, Azərbaycan əleyhinə atılan hər hansı addıma adekvat cavab verə biləcək gücdədir. Kimin tərəfindən atılmasından asılı olmayaraq. Bunu ədalət hissini itirmiş “Con dayı” daxil hər kəs anlamalıdır.

Mahir Rəsuloğlu, “İki sahil”