Dünyanın ən böyük neft şirkətlərindən biri olan SOCAR bu gün respublikanın enerji ehtiyatlarından istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-energetika kompleksinin inkişafını təmin etmək məqsədilə öz fəaliyyətini uğurla davam etdirir. Şirkət əldə olunan müsbət nəticələrin davamlı olması üçün hər zaman ən yeni və innovativ avadanlıqların, qurğuların və proqramların tətbiqinə üstünlük verir.
Qeyd edək ki, SOCAR-da istehsalat proseslərinin planlaşdırılması, qurğu və avadanlıqların təmiri və texniki xidməti ilə bağlı məsələlərin, iş bölgüsünün avtomatlaşdırılması, müvafiq layihələrin planlaşdırılması və idarə edilməsi, bütün səviyyələrdə istehsal proseslərinin keyfiyyətinə nəzarətin təmin edilməsi məqsədilə 2015-ci ilin avqust ayından başlayaraq SAP ERP sisteminin əməliyyat blokunun məhsuldar serverdə istismarına başlanılıb, sentyabr ayından etibarən isə mənfəət vergi bəyannaməsinin avtomatlaşdırılması prosesinə start verilib. Dövlət Neft Şirkətində SAP ERP sisteminin HR, Fİ, MM/SD, CO, CO_PA modulları ilə yanaşı, yeni modulların tətbiq edilməsində əsas məqsəd avtomatlaşdırma yolu ilə maliyyə hesabatlarının beynəlxalq sisteminə (MHBS), eyni zamanda Vergi Məcəlləsinə uyğun hesabatların əldə olunması, biznes proseslərin səmərəli idarə edilməsinin təşkili və nəzarət sistemlərinin qurulmasıdır.
SOCAR-ın qazma üzrə ixtisaslaşan və ən böyük struktur vahidlərindən biri olan “Kompleks Qazma İşləri” Trestində də SAP ERP sisteminin tətbiqi ilk gündən diqqət mərkəzindədir. “Kompleks Qazma İşləri” Trestinin müdiri İskəndər Şirəlinin sözlərinə görə, Trest yarandığı gündən inkişaf proqramı hazırlanıb: “Buna uyğun olaraq müasir qazma avadanlıqlarının alınması, dünya standartlarına cavab verən texnika və texnologiyaların, qurğuların və proqramların tətbiqinə böyük önəm verilməkdədir. SOCAR rəhbərliyinin köməkliyi ilə yeni və müasir qazma qurğuları alınır, köhnə qurğular istehsalatdan çıxarılır. Ən yeni texnika və texnologiyalardan istifadə etməklə dənizdə və quruda sürətli qazma işləri aparılır, yeni neft-qaz quyuları istismara verilir. Belə ki, son zamanlar qazmaçıların gərgin əməyinin nəticəsi olaraq “Ümid” yatağını açdıq, “Bulla-dəniz” yatağında QA lay dəstəsinin perspektiv olduğunu sübut etdik. Pirallahıda horizontal quyu qazaraq və müasir filtr tətbiq edərək yüksək hasilatla quyunu mədənçilərə təhvil verdik.”
İ.Şirəli bildirdi ki, bu gün kəşfiyyat və axtarış quyularının qazılması müvəffəqiyyətlə aparılır: “Yeni avadanlıqların hesabına yüksək sürətli qazma keçidi alırıq. Son illər modern, dünya səviyyəli bir şirkətə çevrilmiş SOCAR-ın uğurlarından yeraltı zənginliyə yol açan fədakar qazmaçılara da xüsusi pay düşür. Bu baxımdan yenilik olan SAP ERP-nin tətbiqi də diqqətimizdədir və seçmə yolu ilə ən savadlı və təcrübəli kadrlar bu işlərə cəlb olunub. Hazırda bu sistemin tətbiqi Trest tərəfindən uğurla davam etdirilir və gələcəkdə qarşıya çıxacaq istənilən məsələlərin müsbət istiqamətdə həlli həyata keçiriləcək.”
“Kompleks Qazma İşləri” Trestində yeni sistemin tətbiqi ilə əlaqədar seminarlar keçirilir. Ötən gün keçirilən növbəti seminarda Trestin İstehsalat modullarının koordinatoru, Geoloji şöbənin rəisi Vahid Cəfərov bildirdi ki, modulların istehsalatda uğurlu tətbiqi daim rəhbərliyin nəzarəti ilə həyata keçirilir: “SOCAR-ın 2011-ci il tarixli əmrinin icrası ilə əlaqədar mütəxəssislərin iştirakı ilə son istifadəçilər üçün treninqlər keçirilib, PS və PM modullarının iş prinsipləri və istifadə qaydaları tədris olunub. 2015-ci ilin sentyabr ayından PS, bu ilin yanvar ayından isə PM modulunun məhsuldar serverdə istismarına başlanılıb.”
V.Cəfərovun sözlərinə görə, hazırda PS və PM modulları üzrə işlər uğurla davam etdirilir: “Mütəmadi olaraq SAP ERP sisteminin bütün modulları üzrə istifadəçilər arasında görüşlər keçirilir və qarşıya çıxan məsələlər operativ həll olunur. Görüşlərdə qarşıda duran vəzifələr müzakirə olunur, onların həlli üçün fikir mübadiləsi aparılır, yenilik və dəyişikliklər barədə son istifadəçilərə məlumat verilir.”
Seminarda qarşıda duran aktual məsələlər haqqında PS modulu üzrə aparıcı mütəxəssislər-Geoloji şöbənin rəis müavini Sənan Qəhrəmanov, Layihələrin icrasına nəzarət şöbəsinin mühəndisləri Fəxri Məcidov və Fərahim Abdullayev, PM modulu üzrə aparıcı mütəxəssis, Mexanika və BAT şöbəsinin mühəndisi Ramin İskəndərov məlumat verdilər. Seminar iştirakçıları arasında geniş fikir mübadiləsi aparıldı, bir çox açıq suallar cavablandırıldı, gələcəkdə son istifadəçilərə lazımi dəstəyin göstəriləcəyi vurğulandı.
SAP ERP sisteminin modullarının işçi qrupunun sədr müavini, Trestin İqdisadiyyat və Uçot Departamentinin rəisi Rəsul Quliyev isə bu modulların məhsuldar istismarı ilə əlaqədar tövsiyələrini verdi və qarşıya çıxan məsələlərin həllində daim lazımi köməkliyin göstəriləcəyini bildirdi. Sonda 5 gün ərzində PS və PM modulları üzrə yeniliklərin tədrisi ilə əlaqədar treninqlərin keçirilməsi qərara alındı, aidiyyəti mütəxəssislərə SAP ERP sisteminin uğurlu tətbiqi barədə müvafiq tapşırıqlar verildi.
Nail Rəhimzadə, “İki sahil”