05 noyabr 2023 02:15
760

Əvvəllər bizə qəribə görünə biləcək 10 yeni peşə - FOTO

Texnologiyanın inkişafı ilə dünyada bir çox dəyişikliklərin baş verməsi iş dünyasına qədər hər şeyə təsir etdi. Məsələn, Yaponiyanın bir çox müəssisələrində işçilər robotlarla əvəz olunub, bəzi peşələr tamamilə ləğv edilib. Onlar əvəzinə yeni, tamamilə gözlənilməz iş növləri meydana çıxıb. Bu yazıda söhbət açacağımız elə yeni peşələrdir. Bu siyahıda “xəyal etdiyiniz işi” tapmaq olduqca mümkündür.

Mem mütəxəssisi

Bəli, belə mütəxəssislər var. Üstəlik, bu işin sahibi olmaq üçün internetdə kifayət qədər gülməli şəkilləri araşdırmaq kifayət deyil - Nyu-Yorkun Mollou kollecinin Yeni media fakültəsində təhsil almaq lazımdır. Qeyri-adi ixtisasın müəllifi professor Ceyms Koendir. Onun sözlərinə görə, hər il həyatını memlərə həsr etmək istəyənlərin sayı sürətlə artır.

Pilotsuz avtomobil mühəndisi

 “Sürücüsüz maşın?” Əvvəllər deyərdik ki, bu nə cəfəngiyyatdır, amma indi bu, mütləq reallıqdır. Alimlər belə avtomobilləri gələcəyin nəqliyyatı adlandırırlar və buna görə də pilotsuz avtomobil mühəndisi peşəsi artıq populyarlaşır. Bu şəxs nəqliyyat vasitəsinin hərəkətinə nəzarət edir, ona qulluq etməyi bacarır və yol boyu yaranan problemləri həll edir.

Kriptovalyuta meneceri

 Kriptovalyuta keçmişdə ancaq xəyal edilə bilən başqa bir möcüzədir. Bir neçə il əvvəl Bitkoin qiymətlərində kəskin artım oldu və buna görə də blokçeyn texnologiyasına maraq xeyli artdı. Zamanla ayaqlaşmaq istəyən, lakin lazımı məsələləri təkbaşına anlamaq istəyi olmayan insanlar bütün bunları həll edən kriptovalyuta menecerlərini işə götürürlər.

Sosial media meneceri

Kimin ağlına gələrdi ki, bir gün “İnstaqram”da, “Facebook”da, “VKontakte”də bizim əvəzimizə oturan insanlar belə axtarılan mütəxəssis olacaqlar. Amma təəcüblü də deyil, çünki hazırda bu sosial şəbəkələr mal və xidmətlərin satışı üçün ən yaxşı platformalar hesab olunur. Bəzən bir işin arzuolunan səviyyəyə çatması və arzuolunan gəliri əldə etməsi üçün insanın öz səyləri və biliyi kifayət etməyə bilər. Burada sosial media menecerləri köməyə gəlir.

Dron pilotları

Artıq bir neçə ildir ki, pilotsuz uçuş aparatları təkcə hərbi məqsədlər üçün deyil, həm də kommersiya məqsədləri üçün uğurla istifadə olunur, çünki onların köməyi ilə çətin əldə edilən yerlərə asanlıqla nüfuz etmək və malların çatdırılması prosesini sürətləndirmək mümkündür.. Dronları idarə etmək üçün şirkətlər “pilot” adlanan xüsusi insanları işə götürürlər.

“Uber” taksi sürücüsü

Amerikanın bəzi şəhərlərində “Uber-sürücü” ifadəsi CV-də ayrıca sətir kimi yazılmağa başlanılıb. Baxmayaraq ki, əslində “Uber” taksi sürücüsü adi taksi sürücüsündən heç də fərqlənmir.

Şəhər fermeri

 Artıq bu gün dünya əhalisinin əksəriyyəti şəhərlərdə yaşayır. Buna görə də təəccüblü deyil ki, bir neçə il əvvəl şəhər fermeri peşəsi - böyük şəhərlərdə damlarda və göydələnlərdə yerləşən aqrar-sənaye təsərrüfatlarını təchiz edən və onlara qulluq edən bir mütəxəssisə ehtiyac yarandı.

 Məhz kommersiya məqsədli ilk şaquli ferma 2012-ci ildə Sinqapurda quraşdırılıb. Çox güman ki, oxşar təsərrüfatlar tezliklə digər meqapolislərdə də peyda olacaq. Xüsusilə, Cənubi Koreya, Çin, BƏƏ, ABŞ, Fransa və digər ölkələrdə aqro-göydələnlərin yaradılması nəzərdə tutulur.

Bar dizayneri

Son zamanlar restoran və kafelərin potensial müştərilər arasında maraq doğura biləcək müəyyən üslubda bəzədilməsi çox dəb halını alıb.

Amerikanın “Drink Company” şirkəti dizayn üçün yalnız məşhur film və seriallardan istifadə etmək deyil, həm də bir neçə aydan bir interyeri dəyişmək ideyası ilə çıxış edib. Ancaq bu vəziyyətdə divar kağızı yenidən yapışdırmaq və yeni stul almaq kifayət deyil - şirkətin mütəxəssisi işıqlandırmadan tualetdəki kağız tutuculara qədər hər bir detalı düşünür. Bu zəhmət tələb edən yaradıcı iş “Pop-Up” dizayneri tərəfindən həyata keçirilir.

VR/AR tərtibatçısı

2012-ci ildə Oculus VR virtual reallıq eynəklərinin ilk prototipini buraxdı ki, bu da insana bir müddət başqa dünyaya “daşınmağa” imkan verir. Cihaza tez bir zamanda alıcılar arasında tələbat yarandı, buna görə də təəccüblü deyil ki, digər şirkətlər də onun yaradılması texnologiyasını araşdırmağa başladılar. Beləcə VR/AR tərtibatçısının peşəsi ortaya çıxdı.

Süni intellekt developeri

Bir çox alimlər süni intellektin inkişafı nəticəsində bəşəriyyətin ölümünü proqnozlaşdırsalar da, insanlar hələ də onu inkişaf etdirməkdə davam edirlər. Hazırda neyroşəbəkələrin yaradılması üzərində elə də çox şirkət işləməsə də, gələcəkdə süni intellekt üzrə bilikli mütəxəssislərə tələbatın durmadan artacağı gözlənilir.

Nubar Süleymanova, “İki sahil”