05 noyabr 2023 11:46
504

Ermənistanın mina, ekoloji terroru sülh və insanlıq əleyhinə cinayətdir - Sadiq Qurbanov

İlkin qiymətləndirmələrə görə Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıb. Azərbaycanın 8 235 kv.km-dən çox ərazisi mina və digər partlayıcı sursatlarla çirklənib

Noyabrın 4-də parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planına əsasən,  Milli Məclisdə parlamentin komitə və komissiya rəhbərlərinin, deputatların, ekologiya və təbii sərvətlər nazirinin, kənd təsərrüfatı nazirinin, ANAMA  sədrinin, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Komitənin rəhbərinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxıl olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəliklərin rəhbərlərinin,  Prezident Administrasiyasının və digər mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçilərinin, eyni zamanda mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ”Mina təhlükəsi  ilə mübarizə - partlayıcı sursatların  ekosistemə təsiri” mövzusunda ictimai  dinləmə  keçirilib.

Azərbaycan dünyada minlarla ən çox çirklənmiş ölkələr sırasında yer alır

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Təbii ehtiyatlar,  energetika və  ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, dinləmənin mövzusu həm Azərbaycan üçün, həm də  bütün bəşəriyyət üçün xüsusi aktuallıq və əhəmiyyət kəsb edir. Dünyada 60-dan çox ölkə minalar və partlamamış hərbi sursatlarla çirklənmiş olaraq qalır. Onlardan biri də  Azərbaycandır ki, Ermənistanın məqsədyönlü siyasəti nəticəsində bu siyahıda dünyanın ən çox çirklənmiş ölkələr sırasında yer almışdır: “Düşünürəm ki, bugünkü dinləmə də mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi üçün əlverişli fürsət olacaq, eyni zamanda bu tədbir çərçivəsində aparılacaq müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına şərait yaradacaqdır. Bildiyimiz kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyaraq tarixi Zəfər qazanmışdır. Ermənistanın dövlətinin otuzillik təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuş, etnik təmizləməyə məruz qalmış, kəndlərimiz, şəhərlərimiz yerlə-yeksan edilmiş, xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv edilmişdir. Hələ bu az imiş kimi, Ermənistan Qarabağ ərazisində minalar basdırıb.”

Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıb

Sadiq Qurbanov qeyd edib ki, öz ölkəndə, öz yurdunda  terror qurbanı olmaq dəhşətli hadisədir. Biri var bu hadisələr müharibə şəraitində, döyüş əməliyyatı zamanı baş versin, bir də var ki, dinc şəraitdə. Dinc şəraitdə bunun baş verməsi insanların daim təhlükə ilə üz-üzə qalması deməkdir. Ona görə də erməni terrorçularının torpağa basdırdığı minaların xəritələri beynəlxalq hüququn tələbləri ilə əldə edilməli və terrorçular bu vəhşi əməllərinə görə qanun qarşısında cavab verməlidirlər. Çünki zərərsizləşdirilməyən hər mina potensial təhlükə,  yarımçiq qalmış arzu, yarıda qırılan uşaq ömürü deməkdir, kiminsə yarımcan olması, şikəst olması deməkdir.  

1991-ci ildən 2023-cü ilin 31 oktyabr tarixinədək  3413 nəfər xəsarət alıb. Onlardan 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır.  2020-ci ilin noyabr ayından 2023-cü ilin 31 oktyabr tarixinədək  - 334 nəfər xəsarət alıb. Onlardan 65 nəfəri həlak olub, 269 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb

İlkin qiymətləndirmələrə görə Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırmışdır. Azərbaycanın 8 235 kv.km dən çox ərazisi mina və digər partlayıcı sursatlarla çirklənmişdir. Ümumilikdə 1991-ci ildən 2023-cü ilin 31 oktyabr tarixinədək  3413 nəfər xəsarət alıb. Onlardan 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır.  2020-ci ilin noyabr ayından 2023-cü ilin 31 oktyabr tarixinədək  - 334 nəfər xəsarət alıb. Onlardan 65 nəfəri həlak olub, 269 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təəssüf ki, dünən  saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlayıb və xəsarət alan var.

Ermənistan regionun ekoloji təhlükəsizliyinə ciddi zərər vurmaqda davam edir

Komitə sədri qeyd edib ki, Ermənistan sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri törətməklə yanaşı, regionun ekoloji təhlükəsizliyinə də ciddi zərər vurmuşdur və vurmaqda davam edir. Ermənistanın münbit torpaqlara, su hövzələrinə, atmosferə, meşə fonduna, flora və faunaya, mineral sərvətlərə və enerji mənbələrinə vurmuş olduğu zərər təkcə ölkəmizdə deyil, bütövlükdə regionda ekoloji tarazlığın pozulması ilə nəticələnmişdir. Bütün bunlar Ermənistanın ekoloji cinayətlər törətməsini, ekologiya və ətraf mühitlə bağlı qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini bir daha sübut edir. Təəssüf ki, beynəlxalq birlik bu məsələdə Azərbaycana lazımi dəstəyi vermir, həmrəylik nümayiş etdirmir. Bu günlərdə azad edilmiş ərazilərdə mina qurbanları olan 2 ayının (Ursusarctos) video və fotoları ictimailəşib. Ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib. Qeyd edək ki, ayı balasının ölümünə səbəb olan mina 2021-ci ildə Ermənistanda istehsal olunub.

Rəsmi İrəvanın mina xəritələrini Azərbaycana verməməsi  beynəlxalq hüquqa hörmətsizlikdir

Sadiq Qurbanovun sözlərinə görə, Azərbaycanın üzləşdiyi bu amansız mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər. Rəsmi İrəvanın mina xəritələrini Azərbaycan tərəfinə verməməsi  demokratik prinsiplərə, beynəlxalq hüquqa hörmətsizlik etdiyinin göstəricisidir. Belə amansız münasibət Ermənistanın indiki siyasi-hərbi rəhbərliyi ilə  Xocalı soyqırımını törədən keçmiş prezidentlər - RobertKoçaryan və Serj Sarqsyan  arasında heç bir fərq yaratmır. BMT Baş katibi Antonio Quterreş 4 aprel - Beynəlxalq Mina Təhlükəsizliyi Günü ilə bağlı tviter müraciətində qeyd edir ki: “Biz mina təhlükəsini aradan qaldırmaq üçün hərəkətə keçməliyik”..Onun sözlərinə görə, insanların təhlükəsiz şəraitdə geri qayıtmalarına və həyatlarını yenidən qurmalarına şərait yaradılmalıdır. Bilirsiniz, öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tezliklə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə dərhal genişmiqyaslı quruculuq işlərinə start verilmişdir. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir.

İkili standartlar cəzasızlıq, insan faciələrinə gətirib çıxarır

Komitə sədri qeyd edib ki, Azərbaycan sülh istəyir. Bu gün ortada 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrinin diktə etdiyi reallıqlar var.  Təəssüf ki, Azərbaycan dövlətinin Ermənistana ünvanladığı sülh çağırışları hələ də lazımınca qiymətləndirilmir, müharibə və minaların yaratdığı fəsadların aradan qaldırılmasında mövcud olan beynəlxalq təsir mexanizmlərindən istifadə olunmur, ərazilərimizi minalarla çirkləndirən Ermənistana qarşı hüquqi müstəvidə çəkindirici cəza tədbirləri görülmür, partlamamış minalar isə təhlükə mənbəyi olaraq qalır. Ermənistan bu gün havadarlarının ona göstərdikləri qayğıdan nə qədər ruhlansa da, bu reallıqların rəmzi olan Azərbaycanın “Dəmir yumruq” əməliyyatını unutmamalıdır. Hesab edirəm ki, Ermənistanın 44 günlük müharibənin qalibi olan Azərbaycanın təklif etdiyi sülh variantına biganə yanaşması da dünyanın diqqətində olmalıdır. Bölgədə sülh, əmin-amanlıq, təhlükəsizlik istəyən, iqtisadi əlaqələrin genişlənməsində maraqlı olan bütün dövlətlər Ermənistanın sərhəd tanımayan müharibə cinayətlərinə sərt mövqe nümayiş etdirməlidirlər.

Təəssüflə qeyd etməliyik ki, bəzən bunun əksinin şahidi oluruq. Ona görə də dünya ikili standartlar fonunda münaqişə bölgələrində vasitəçilik missiyalarını təklif edən aparıcı dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara etimadsızlıq mühiti dərinləşir, münaqişəli məsələlərin həllində səbrin tükənməsi sülh variantının müharibə yolu ilə əvəzlənməsinə səbəb olur ki, bu da sonu görünməyən insan faciələrinə gətirib çıxarır.

Azərbaycan qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir

Komitə sədri vurğulayıb ki, Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Məsələn, bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü ilə çıxış edib və Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib. Hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatında  Həmfikirlər Qrupunun yaradılması istiqamətində  iş gedir. Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə mövcuddur. Mina təhlükəsi ilə mübarizə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin 12-si ilə birbaşa, digər 5 məqsədlə dolayısı ilə uzlaşır. Belə ki, minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngitməklə həmin ərazilərin ölkənin dəyər zəncirinə inteqrasiyasını çətinləşdirir, minalardan zərər çəkmiş insanların sosial müdafiəsi ilə bağlı proqramlar dövlət büdcəsi xərclərini artırır, habelə mina partlayışları nəticəsində insan itkiləri dayanıqlı sülhün, turizmin təmin olunmasına maneə yaradır, regionda inkişafı və əlaqələrin bərpasını zəiflədir. Təklif olunan 18-ci DİM-nin 5 hədəf və 15 göstəricisi ilə dünya birliyi tərəfindən qəbul olunarsa, bu dünyada bütün minadan çirkləndirilmiş ərazilərin bərpası üçün öz töhfəsini verə bilər.