28 mart 2018 23:17
1378

Zərdabın Pərvanlı kəndində seçicilərlə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsi təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Pərvanlı kəndində keçirilib.

Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri  Pərvin Mahmudova bildirib ki, prezident seçkilərinin beynəlxalq standartlara uyğun, demokratik şəraitdə keçirilməsi üçün lazımi şərait yaradılıb. P.Mahmudova cənab İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə görülmüş işlərə və qazanılan uğurlara diqqət yetirərək qüdrətli müstəqil Azərbaycan dövlətinin böyük gücə və nüfuza malik olduğunu bildirib. YAP rayon təşkilatının sədri qeyd edib ki, bu günə kimi seçicilərlə keçirilən görüşlər onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Gülağa İsgəndərov, Cəvahir İsmayılova, Ziyad Xancanov, Nailə Əliyeva, Telman İsmayılov, Rüxsarə Eminova çıxış edərək cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilən işlər və qazanılan nailiyyətlər barədə öz fikirlərini bölüşüblər. Natiqlər seçiciləri 11 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasının və xalqın vahid namizədi İlham Əliyevə səs verməyə səsləyiblər.

Görüşdə seçicilər adından çıxış edən kənd sakinləri Məhəmməd Mikayılov, Xeyrulla Abdullayev, Eyvaz Eyvazov, İlhamə Cavadova, Fazil Hüseynov, Züleyxa Teymurova  cənab İlham Əliyevi birmənalı olaraq alternativsiz namizəd kimi gördüklərini qeyd edərək Azərbaycanın sürətli inkişafının gələcək təminatçısı kimi ölkə rəhbərinin uğurlu fəaliyyətini vurğulayaraq hamılıqla partiyanın namizədinə səs verəcəklərini bildiriblər.

Orxan Vahidoğlu, «İki sahil»