06 noyabr 2023 16:09
331

XİN rəhbəri: Rumıniya ilə siyasi dialoq yüksək səviyyədədir

Biz ölkələrimiz arasında strateji tərəfdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafı barədə fikir mübadiləsi apardıq. Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd etdik. Bu illər ərzində Azərbaycan və Rumıniya arasında münasibətlər inkişaf edib, qarşılıqlı yüksək səviyyəli səfərlər baş tutub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə rumıniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, hər iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir və yaxın dövlətlərarası münasibətlər var.

Ceyhun Bayramov əlavə edib ki, bu gün iqtisadi, humanitar və siyasi sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etmək fürsəti oldu: “Biz həmçinin, beynəlxalq və regional vəziyyəti müzakirə etdik”.

Nazir, ən qısa zamanda Azərbaycan və Rumıniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin zəruriliyini qeyd edib.

“Rumıniya davamlı şəkildə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini ifadə edib. Fürsətdən istifadə edərək mən bir daha Rumıniya hökumətinin Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə təşəkkürümü ifadə edirəm.

Biz bu gün həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq və belə platformalarda bir-birimizin namizədliyini və təşəbbüslərini dəstəkləməyin vacibliyi barədə razılaşdıq”, - Ceyhun Bayramov qeyd edib.

O diqqətə çatdırıb ki, son dörd il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artıb: “2022-ci ilin sonunda ikitərəfli əlaqələrimizin tarixində ilk də olaraq ticarət dövriyyəmizin həcmi 500 milyon dolları ötüb. 2023-cü ildə də müsbət irəliləyiş davam edib. Bu ilin ilk 9 ayı ərzində bu rəqəm 526 milyon dolları ötüb”.