Qərb və onun tabeliyində olan strukturlar üçün qərəz, ikili standartlar prioritet siyasət kimi qalmaqdadır. Görünən odur ki, İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqları ermənipərəst Qərb dairələri heç cür həzm edə bilmirlər. Separatizmə, işğalçı ölkəyə dəstək verən bu qüvvələr anlamırlar ki, regionda sülhə əngəl törədirlər.

Qərb strukturları və təşkilatlarının Azərbaycana qərəzli münasibətinə və ikili standartlara əsaslanan mövqe tutduqlarına dair istənilən qədər fakt mövcuddur. Əvvəla Azərbaycan vaxtilə dəfələrlə işğaldan azad olunan torpaqlarına UNESCO və digər BMT institutlarını dəvət etsə də, heç biri gəlmək istəməyib. Onlar Ermənistanın 30 illik işğal dövründə torpaqlarımızda törətdikləri vandalizmi öz gözləri ilə görməkdən imtina ediblər. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarması barədə dörd qətnamə qəbul etsə də, işğalçı ölkə 27 il həmin sənədlərin bir bəndini belə yerinə yetirməyib. Əksinə, rəsmi İrəvan işğal etdiyi Azərbaycan torpaqlarında talanlar, süni məskunlaşdırma, təbii sərvətlərin qarət olunması, mədəni, tarixi, dini abidələrin dağıdılması və başqa cinayətkar əməllər törədib.
Bütün dünyanın gözü qarşısında bizim mədəni və dini irsimiz məhv edilib, şəhərlər və kəndlər məqsədyönlü şəkildə dağıdılırdı. Uzun illər Qarabağda məscidlərin və digər abidələrin dağıdılmasına, azərbaycanlıların ən vəhşi üsullarla qətlə yetirilməsinə, onlara zərər vurulmasına, daha sonra mina probleminə, itkin düşmüş şəxslər məsələsinə də göz yumdular.
Belə bir fakt da var ki, Ermənistan 30 illik işğal zamanı BMT-ni ölkə ərazisinə buraxmadığı halda, ona qarşı heç bir sanksiya və qətnamə qəbul edilməyib. Əvəzində Azərbaycanda qalıb monitorinq etmək istəyirlər, yəni, bu məsələlərdə də açıq diskriminasiya hökm sürür. Qərb dövlətləei və beynəlxalq institutlar hazırda Ermənistan ərazisi olan əzəli Azərbaycan torpaqlarında - Qərbi Azərbaycanda xalqımıza məxsus mədəni və tarixi irsin məhv edilməsinin qarşısının alınması, qalan irsin qoruması, qaçqınların geriyə dönüşü barədə Azərbaycanın təkliflərini də nəzərə almadılar. Əvəzində isə xristian təəssübkeşliyindən çıxış edib, qərəzli və böhtan dolu dinləmə keçirməyə üstünlük veriblər.

Bu gün Avropanın insan hüquq və azadlığı prinsiplərinə barmaqarası yanaşması, haqq-ədalətin deyil, korporativ cılız maraqların köləsinə çevrilməsi, korrupsiya və rüşvət bataqlığında boğulması, hətta beynəlxalq təsisatlarının belə adının çirkli pulların yuyulmasında hallanması, silah və zoru danışıqlar və sülhdən daha önə daşımaq arzusu köhnə qitədə ali dəyərlərin zərrə qədər də qiymətləndirilmədiyini göstərir.
Son vaxtların ən aktual mövzusu olan, müsəlmanların müqəddəs kitabı - Quranın yandırılmasını da bu qəbildən hesab etmək olar. Avropa İttifaqının heç bir tədbir görməməsi, bu azmış kimi bu çirkin, anti-insani əmələ bəraət qazandırması rasizmin, dini və irqi ayrı-seçkiliyin artıq ictimai səviyyədən rəsmi strukturlar səviyyəsinə yüksəldiyini aydın göstərir. Artıq bu məkanda, Avropa İttifaqı Komissiyası, Avropa Parlamenti, Avropa İttifaqı Şurası, Avropa Şurasında islamofobiyanın ən eybəcər formada özünü təzahür etdirdiyi hamıya bəllidir. Avropa İttifaqı bu məsələdə faktiki olaraq qızışdırıcı mövqe nümayiş etdirir və sonra da prosesləri izləyir.

Qərbin insan haqları və hüquqlarından dəm vuran təşkilatlarıAfrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığını ölkələrlə bağlı faktlarının YUNESKO, AŞPA tərəfindən araşdırılmasını təşviq etmir. Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç niyə bu ölkələrdə Fransanın etnik və dini zorakılıqlarını araşdırmır? Korsikaya faktaraşdırıcı missiya niyə göndərilmir? Sözdə insan hüquqları haqqında danışanlar Aralıq dənizində boğulan miqrantlar haqqında danışmır.
Demokratik dəyərləri ilə öyünən Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə ən qəddar vasitələrlə ram edilən ölkələr sivilizasiya ilə bir araya sığmayan mühafizəkar qanunlarla idarə olunub, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb. Fransa, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır.
Bu gün Fransanın keçmiş müstəmləkə ölkələrindən qovulması onun durumunu daha da çətinləşdirib. Siyasi və diplomatik sahədə uğursuzluqlar ölkəni iqtisadi baxımdan da iflic vəziyyətinə salıb. Erməni lobbisinin əlində oyuncağa çevrilən Fransa prezidenti ölkəsindəki etirazlara yalnız tamaşa edir.
Onu da unutmayaq ki, Fransanın yaşadığımız coğrafiyada çirkin addımlar atmasının əsas səbəbi Afrikadakı müstəmləkələrinin əlindən çıxmasıdır. Bəs, Almaniyaya nə düşüb? Onun ki müstəmləkəsi yoxdur. Bu səbəbdən ölkənin Avropa İttifaqının üz qarasına çevrilmiş Fransanın arxasından getməməsi daha yaxşı olmazdımı?
Bəli, söhbət birmənalı şəkildə Annalena Berbokdan gedir. Almaniyanın xarici işlər naziri Annalena Berbokun bu günlərdə Azərbaycana səfəri zamanı XİN-də mətbuat konfransında yalan açıqlama ilə çıxış etməsi isə qərəz, hiyləgərlik və ikiili standartlar siyasətinin əyani təzahürüdür. O, Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə “Real” televiziyasının müxbirinin sualına yanlış və yalan dolu cavab verməklə kifayətlənib. Xanım Berbok, həmçinin Azərbaycanın BMT tərəfindən tanınan şəhərlərinin adlarını təhrif edərək saxta erməni toponimləri ilə söyləyərkən xarici işlər nazirimiz Ceyhun Bayramov birgə mətbuat konfransında Berbokun bu qərəzli yalanlarını korrektə etməyə məcbur olub. Halbuki Berbokun bu şəhərlərin əsl adını bilmə ehtimalı ona qoyulan qondarma adları yadda saxlama ehtimalından daha böyük olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Almaniyanın XİN rəhbəri bütün bu reallıqları gözardı edib.
Bütün bunlar Qərbin əsl simasını ortaya qoyur...
Nigar Orucova, “İki sahil”
Hörmüz böhranından çıxış yolu niyə TAP-dır? - Meloninin Bakıya səfəri öncəsi müzakirələr
Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb
Elçin Əmirbəyov: Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür