Caspian European Club-un (Caspian Business Club) mayın 11-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun iştirakı ilə təşkil etdiyi biznes-forumda Azərbaycanın neft-qaz strategiyasının inkişafının əsas aspektləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, biznes-forumda çıxış edən T.Qəhrəmanov SOCAR-ın fəaliyyəti, strukturu, həmçinin şirkətin kompleks inkişafı barədə məlumat verib. “2010-cu ildə SOCAR 3-5 illik plan qururdusa, 2010-cu ildən etibarən o, artıq 10-15 il və daha uzun müddət üçün planın işlənib hazırlanmasını qarşıya məqsəd qoymağa başladı. Bu işə biz xarici şirkətləri də cəlb etmişik”, - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib.
Neft və qaz ehtiyatlarından bəhs edərkən T.Qəhrəmanov bildirib ki, bu gün Azərbaycanda isbatlanmış neft ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 2,55 trilyon kubmetrdir.
Onun sözlərinə görə, hazırda SOCAR-ın əməkdaşlarının 85 faizini 35 yaşadək işçilər təşkil edir.
Vitse-prezident yeni neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) inşası layihəsinin həyata keçirilməsindən danışıb. Qeyd edilib ki, Neft Emalı Zavodunda bu gün istismar olunan qurğular artıq köhnəlib. Bu fikir “Azərkimya” İstehsalat Birliyində istismar edilən qurğulara da aiddir.
Bununla əlaqədar, ilkin dəyəri 14,5 milyard ABŞ dollar, kredit üzrə kapitallaşdırılmış faizlə birgə isə 17 milyard ABŞ dollarından artıq olan OGPC layihəsi başlandı. Sonradan OGPC-nin nəzdində Neft Emalı Zavodunun tikintisini təxirə salmaq barədə qərar qəbul edildi. Bunun sayəsində layihənin dəyərini 7 milyard ABŞ dollarınadək (kredit üzrə kapitalaşdırılmış faizi nəzərə almaqla 8,5 milyard ABŞ dollar) aşağı salmaq mümkün oldu. “OGPC layihəsi hazırlanarkən biz onlarla şirkətin qatıldığı lisenziar seçiminə dair tender keçirdik. Həmin dövrdə layihənin mənfəətlilik əmsalı 20-21 faizi ötürdü. Lakin neftin qiyməti sürətlə aşağı düşəndə buna uyğun olaraq neft-kimya məhsulları da ucuzlaşdı. Layihənin mənfəətliliyi xeyli aşağı düşdü və eyni zamanda, potensial partnyor investorların layihəyə olan marağı azaldı”, - deyə Tofiq Qəhrəmanov qeyd edib.
Hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təkmilləşdirilməsi barədə qərar qəbul edilib. Layihənin təqribi dəyəri 1 milyard ABŞ dolları təşkil edir. Bundan əlavə, 300 milyon ABŞ dolları isə “Azərkimya” İstehsalat Birliyinin təkmilləşdirilməsinə ayrılacaq.
“OGPC üçün lisenziarları bir il seçirdik. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təkmilləşdirilməsi ilə biz vaxta və pula qənaət etdik”, - deyə o qeyd edib.
“Məqsədimiz 2018-ci ilin iyulunda yeni bitum qurğusunu, 2019-cu ildə avro-5 standartına uyğun dizel yanacağının istehsalı üzrə qurğunu, 2020-ci ildə isə avro-5 standartına uyğun benzin istehsalı üzrə qurğunu işə salmaqdır”, - deyə vitse-prezident çıxışına davam edib.
Görüş zamanı həmin mövzu ətrafında biznes-forum iştirakçılarının təklifləri, həmçinin Caspian European Club (Caspian Business Club) şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.
Biznes-forum çərçivəsində şirkət nümayəndələrinin sualları cavablandırılıb, Azərbaycanın neft-qaz sahəsi ilə bağlı məsələlərin həlli yolları müzakirə edilib, o cümlədən bizneslə SOCAR arasında aktiv dialoqun davam etdirilməsi üçün təkliflər irəli sürülüb.
Biznes-forumda çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı klubun üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Tofiq Qəhrəmanova minnətdarlığını bildirib.
T.Əliyev Caspian European Club-un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını qeyd edib. Caspian European Club-un (Caspian Business Club) Sədrinin Azərbaycan Prezidenti İlham Əliyev olduğu vurğulanıb. T.Əliyevin sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Biznes-forum zamanı T.Qəhrəmanova Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Həmçinin klubun yeni şirkətlərinə (Baratson, Seaport Catering, Şərq Kimya Şirkəti Bakı, Shahdag Tourism Center) sertifikatlar verilib.
Biznes-forumda şirkət rəhbərləri, səfirlər, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.