27 mart 2018 01:29
2536

Vətənini rüsvay etmək özünü hərraca qoymaq deməkdir

İlk baxışdan ürəyə yatan, qulağa xoş gələn, insanın  varlığını, milli mənsubluğunu  təsdiqləyən bu müraciət bu  çağırışı səsləndirənin şəxsiyyətindən,  mövqeyindən asılı olaraq qəbul olunur, dəyərləndirilir. Əlbəttə ki,  bu çağırış bir müdrik, el ağsaqqalı tərəfindən səsləndirilsə  özünü xalqdan hesab edənlər  elliklə bir araya gələr,  ağıllı məsləhətə qulaq asarlar. Amma çox təəssüf ki,  xalqa yamaq olub, Vətənini satan, Avropaya sığınan xainlər xəcalət, vicdan əzabı  çəkmədən uzaqdan-uzağa, mahiyyətini dərk etmədən bu müraciəti xalqı parçalamaq üçün işlədirlər. Satılmışlar  çirkab, böhtan, söyüş,  təhqir dolu niyyətlərini, daxili  çirkinlərini, mənəvi yoxsulluqlarını  “Ey, mənim xalqım”  ifadəsinin  saflığında gizlətməyə çalışırlar.

Vətən böyüklüyünə görə  yox, özününkü olduğu  üçün sevilir. Kim Vətənini satırsa o, ata-baba nəslini də  satmış hesab olunur.   Bu gün xarici ölkələrdə  küllənib, ingilis qaşığı ilə almanların, fransızların artığını yeyən orduxanlar  unudurlar ki,  Vətənə xəyanət  Tanrı məqamında da  bağışlanmayan günahdır. V.Hüqo belə xainlər haqqında deyib ki,  öz Vətənini rüsvay etmək, özünü hərraca qoymaq deməkdir.

 AXCP sədri Əli Kərimlinin “mühacir biznesi”ndən yararlanaraq  Vətəninə üz döndərərək insanlıqdan da kənar olan xəyanətkarlar unudurlar ki,  böyüyüb boya -başa çatdıqları  torpaqdan, eldən-obadan kənarda xoşbəxtlik yoxdur. Görkəmli siyasətçi və dövlət xadimi, böyük yazıçı N.Nərimanovun Vətənlə bağlı  sözünü də  xatırlatmaq yerinə düşər: “ Siz özünüzü bu millətdən hesab edirsinizsə , özünüzün bir Vətəni varsa,  həmin millətin, həmin Vətənin dərdi-qəmi sizin dərdiniz, qəminizdir.” Amma böyük yazıçının bu sözləri  vətəninə daş olanlar üçün  qiymətlidir. Doğma torpağına daş atanlar üçün deyil. Vətəndən kənarda  xoşbəxliyin olmadığını, hər kəsin yalnız öz torpağında  kök saldığını unudan  “liderləri” Əli Kərimlinin yolu ilə addımlayan orduxanlar üçün Vətəndən  qiymətli pul, var-dövlətdir. Buna görə də Vətəni olmayan, xalqdan da məhrum olanların yuxarıdakı müraciəti işlətməyə haqları yoxdur

“Turan TV”, “Meydan TV” “Azərbaycan saatı”, “Azadlıq qəzeti”...  belə  mənəviyyatsızlar üçün xəyanət tribunasıdır.  Erməni lobbisi ilə illərdən bəri əməkdaşlıq edən, “stajlı Vətən xainləri”  Leyla, Arif Yunusların, Xədicə İsmayılın,  Ələkrəm Hümmətovun, Qənimət Zahidin  tör-töküntüləri  olan Orduxan Teymurxan,  Vidadi İsgəndərli,  Tural Sadıqlı,  Məhəmməd Mirzəli, Azər Kazımzadə, Emin Milli... “sələflərinin xəyanət missiyalarını” davam etdirirlər. Azərbaycanlı daşısalar da sosial şəbəkələrdə ermənilərin mövqeyindən çıxış edərək   Azərbaycana qarşı  təxribat kampaniyasının önündə addımlayırlar.  Səlahiyyətləri olmasa belə xalqa “müraciət edərək” Azərbaycanın iqtisadi inkişafına, diplomatik uğurlarına  qara yaxan belələri saxtakarlığa üstünlük verərək gercəyi gizlədir,  özlərini demokratiya tərəfdarları hesab edirlər. Əslində isə  sığındıqları Avropa ölkələrində belə  qəbul olunmayan, yalnız Azərbaycana qarşı  qara piarlarda  vasitə kimi istifadə edilən  bu satqınların yaşadığı yer elə   çirkinliklərinin təqdim olunduğu  iaşə obyektləri,  avtobus dayanaqcaqları, tualetlərdir. Necə deyərlər, mikrob  elə mürdar yerdə  qol-qanad açar.  Çünki bütün “müraciətlərini” bu ünvanlardan sərgiləyirlər. Yerləşdikləri bu ünvanlar isə  məskunlaşdıqları ölkələrdə  onlara  münasibəti göstərir. Təbii ki,  hər kəs öz səviyyəsinə, həyat tərzinə görə  xoşladığı məkanda  yaşamağa üstünlük verir. Adları sadalanan çirkab yuvaları  isə onların yaşadıqları ünvanlardır. Küçə təfəkkürü ilə yaşayanların,  restoranlarda xidməti işlərlə məşğul olsalar da   özlərini “iş adamı” kimi təqdim edənlərin  “obyektlərində” yalnız  şər-böhtan,  xəyanət  “istehsal olunur.” Onların “məhsullarının” sifarişçisi də , alıcısı da  qəpik- quruşlarına  möhtac olduqları ermənilər,  daşnakları dəstəkləyən antiazərbaycan dairələrdir.

Etik normaları pislikləri ilə  korlayaraq, təhqiramiz sözlərində öz simalarını yaradan bu naxələflər ölkəmizin ünvanına nə qədər böhtan yağdırsalar da  ən nüfuzlu beynəlxalq təşkilatların, tanınmış ictimai-siyasi xadimlərin etiraf etdikləri kimi, Azərbaycan dünyanın diqqət mərkəzində olan,   beynəlxalq siyasətdə  sözü eşidilən, hadisələrə təsir imkanları artan qüdrətli   dövlətdir.

 Beş-üç nəfər  xəyanətkarın sosial şəbəkələrdə  toplaşaraq respublikamız, ölkəmizdə inkişafda olan demokratiya ilə bağlı təxribat aparması milçəyin ürək, keçinin su bulandırmasından başqa bir şey deyildir.  Bu cür satqınların  azərbaycanlı olması belə şübhə doğurur.  Özlərinin erməni olduqlarını,  düşmənlərimizə rəğbət bəzlədiklərini etiraf edən Leyla və Arif Yunuslardan da  mənəviyyatsız olan xainlərə  yaponların  müdrik kəlamları daha  uyğundur: “Düyünü ağ daşlardan təmizləmək daha çətindir.” Azərbaycan xalqı üçün çıxdaş hesab olunan bu vətənsizlər illər boyu onun -bunun qapısında  nökərçilik edib, xalqına naxələf çıxmaqla yaşamaq hüquqlarını da itiriblər.

Artıq satılmış şəxsi keyfiyyətlərini, hüquqlarını da  alverə çevirənlər, bir gün ingilisə, sabah almana  nökərçilik etməklə    simalarını itirənlər  nəinki öz xalqına, insanlıq adına ləkədir.  Özlərini azərbaycanlı hesab edib “xalqım” dediyi millətin soykökünə xəyanət edən naxələflər öz ətrafları, yaxın qohumları, ailələri üçün də üz qarasıdır. Vicdanını pula satanlar ruhən, mənən ölmüş, “mən”ini itirimiş ünvansızlardır. Yeri-yurdu bəlli olmayanın ayağının altından  torpaq da qaçar, onun ölüsünü də qəbul etməz.  Torpağı  elə-belə Vətən, yurd  adlandırmırlar. Torpaq onu əziz tutan, sahib çıxanlar üçün müqəddəsdir,  Vətəndir. Onu satdınsa  artıq sənin deyil. Sən isə ona aid deyilsən.   Xaricə sığınan satqınlar da  artıq ən qiymətli xəzinə olan torpaq sevgisindən məhrumdurlar. Bu  zümrədən olanların bir adı var: Vətən xaini, xalq düşməni, milləti satan mənəviyyatsızlar.

Xuraman İsmayılqızı, “İki sahil”