Ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda fəaliyyətə başlayan, başlıca məqsədi əsasən kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardıma dəstək göstərmək olan USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) heç də müstəqil təşkilat deyil. Hamıya bəllidir ki, ABŞ-ın açıq şəkildə digər ölkələrin daxili işlərinə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasında USAID xüsusi rol oynayır. Daha doğrusu, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ayrı-ayrı bölgələrdə və ölkələrdə öz planlarını həyata keçirmək üçün daim USAID-i önə verib. Bu təşkilat da müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, orada qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq üçün bütün vasitələrdən istifadə edir. Sirr deyil ki, USAID 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırıb.
Gerçəklik ondan ibarətdir ki, başda USAID olmaqla ABŞ hökumətinə bağlı olan yerli təşkilatlar və hərəkatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox siyasi proseslərə müdaxilə etmək, cəmiyyətdə qarşıdurma yaratmaq, prosesləri manipulyasiya etmək məqsədi güdürlər.
Bir məsələni xüsusilə vurğulamq istərdik ki, bu gün Gürcüstanın üzləşdiyi problemləri Azərbaycan çoxdan yaşayıb, amma güclü dövlət olaraq USAID kimi qurumların planlarının reallaşmasına imkan verməyib. Yeri gəlmişkən, USAID 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərir və dəfələrlə ölkədə qarşıdurma və gərginlik cəhdlərinin arxasında dayanıb. USAID, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar Azərbaycanda da siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb. Bir müddət əvvəl çevriliş cəhdi ilə üzləşmiş Gürcüstanda USAID geniş şəbəkə yaradıb, vaxtilə Azərbaycanda işlədikləri təşkilat və hərəkatlara maliyyəni məhz Gürcüstan üzərindən ötürüb. Məsələn, 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə, 2,4 milyon dollar məbləğində qrant ayırıb və onları özlərinin təsir agentlərinə ötürüb. Həmin ildə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevsin özünün bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə, konkret şəxslərə paylaması da heç kimin yadından çıxmayıb.
Bundan başqa, USAID, NED kimi qurumlar NİDA, “Dalğa” və s təşkilatları davamlı olaraq maliyyələşdirib. MDİ əməkdaşları da Bakıda keçirilən qanunsuz aksiyalarda iştirak ediblər. Təbii ki, bütün bunlar USAID, MDİ kimi qurumların qeyri-şəffaf maliyyələşmə yolu ilə özlərinə xidmət edən media və QHT şəbəkəsi formalaşdırmaq cəhdlərindən başqa bir şey deyildi.
İş orasındadır ki, ekspertlərin də bildirdiyi kimi, ABŞ-ın xarici siyasət alətlərinin mühüm mexanizmlərindən olan USAID əvvəllər də eyni məqsədlə bir çox layihələr reallaşdırıb, indinin özündə də xüsusilə regionlarda müxtəlif layihələr həyata keçirir. Azərbaycan tərəfi dəfələrlə onun ölkədə qalmasına ehtiyac olmadığını, məqsədəuyğun sayılmadığını nəzərə çatdırsa da, USAID fəaliyyətini dayandırmır. Son illər Azərbaycanda müharibə əleyhinə hərəkatın - NoWar-çıların mövqelərinin güclənməsi üçün USAİD və digər xarici təşkilatların səylərini artırması da təsadüfi deyil. Burada məqsəd status-kvonun saxlanması, Azərbaycan ərazilərinin azad olunmasına maneələrin yaradılmasıdır.
Hazırda öz geosiyasi çıxarlarına görə dünyanın ayrı-ayrı bölgələrində, eləcə də Cənubi Qafqazda xaos, qeyri-sabitlik, qarşıdurma yaratmaq istəyən ABŞ-ın USAID təşkilatına qatı ermənipərəst Samanta Pover rəhbərlik edir. Bu üzdəniraq, ermənidən çox ermənilik edən Samanta Pover haylara “öz möhtəşəm” sevgisini sübuta yetirmək üçün 24 aprel qondarma soyqırımı “gününü” özünün doğum günü elan edib. Əslində isə vikipedik məlumatlardan aydın olur ki, onun doğum günü 21 sentyabra təsadüf edir. Yeri gəlmişkən, 2015-ci ildə ABŞ-ın BMT-dəki nümayəndəsi xanım Pauer bu ölkənin ovaxtkı vitse-prezidenti Co Baydenlə birlikdə Vaşinqtonda qondarma “soyqırımı”nın 100-cü ildönümünə həsr olunmuş mərasimdə iştirak edib. O da var ki, bu gün USAID rəhbəri Ermənistan tərəfindən “dəyərli tərəfdaş” kimi qəbul edilir. Bir məsələni də vurğulamq istərdik ki, Amerikanın xarici kəşfiyyat xidmətinin ruporlarından olan “Azadlıq” radiosu USAID-in sifarişlərini yerinə yetirərək davamlı olaraq Azərbaycanın əleyhinə qarayaxma və şər böhtan kampaniyası aparır.
Budur USAID-in əsl mahiyyəti!
USAID və bu kimi təşkilatların arxasında dayanan xüsusi xidmət orqanlarınıın başbilənləri yadda saxlamalıdırlar ki, onlar bizim ölkəmizdə öz çirkin məqsədlərini heç zaman həyata keçirə bilməyəcəklər. Azərbaycan xalqı buna heç vəchlə icazə verməyəcək. Belələrinin bütün planları alt-üst olaraq iflasa uğrayacaqdır.
Zahid Rza, “İki sahil”