21 noyabr 2023 13:23
250

Bakıdakı konfransda Fransa müstəmləkəçiliyi ilə bağlı fləşmob keçirilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkəmizdə “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda baş tutan konfransda fləşmob keçirilib.

“İki sahil” xəbər verir ki, fləşmob çərçivəsində fransız kolonializmindən əziyyət çəkən ölkələrin tədbirdəki nümayəndələri xəritə üzərinə öz bayraqlarını sancıblar.

Martinika Azadlıq Partiyasının lideri Luk Frensis Karol belə bir tədbirin həyata keçirilməsinə görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edib: "Bütün dostlarımıza, Afrika ölkələrinə bu mübarizəyə görə təşəkkür edirik. Növbəti illərdə Martinikin suveren ölkə olmasını arzulayıram".

Fransız Qvianası təmsilçisi, Fransız Qvianasının Sosial Azadlıq və Dekolonizasiya Hərəkatının (MDES) təsisçisi Maurice Pindard isə bildirib ki, burada suverenlikləri üçün mübarizə aparırlar: "Azərbaycana, Bakı Təşəbbüs Qrupuna bizə dəstəyinə görə təşəkkür edirəm. Qoşulmama Hərəkatına üzvü olan və olmayan ölkələrə çağırış edirəm ki, bizi dəstəkləsinlər. Ölkəmizdə lazım olan hər şeyi edirik və beynəlxalq ictimaiyyətin də bizi dəstəkləməyini istəyirik".