Dəfn mərasimləri həyatın ayrılmaz hissəsidir. Bir çox məşhurlar və siyasətçilər görkəmli simalar olduqları üçün buna da uyğun yola salınırlar.
Maykl Cekson (1958-2009)
Maykl Cekson əsl pop musiqi kralı idi və onun ölümü də həyatı kimi gurultulu qalmaqallara “büründü”: müğənni 2009-cu ildə propofolun həddindən artıq dozasından öldü. Şəxsi həkiminin günahkar olduğu bildirilirdi.
Cekson ölümündən düz iki ay sonra Hollivudun “Forest Lawn” qəbiristanlığının “Böyük Mavzoleyi”ndə dəfn edildi. Qonaqlar arasında yalnız müğənninin qohumları və yaxın dostları olub, lakin yüzlərlə jurnalist akkreditasiya almışdı və milyonlarla amerikalı mərasimi canlı izləyib. Yayıma yalnız qızılı tabut cənazə maşını ilə gələnə qədər icazə verildi. Sonra helikopter kameralarından bir müddət mərasim göstərilsə də, lakin qısa müddətdə bu, kəsildi.
Pop kralı nəhəng bir kilsədə dəfn edildikdən sonra dəvət olunanlar italyan restoranında xatirə şam yeməyinə getdilər.
Bütün mərasim, bir saat yarım çəksə də, müğənninin yaxınlarına bir milyon dollara yaxın məbləğə başa gəlmişdi.
Ceyms Braun (1933-2006)
Soul musiqi janrının “atası” Ceyms Braun 73 yaşında sətəlcəm səbəbi ilə ürək tutmasından vəfat edib. Gözəllik və parıltı sevdalısı olan müğənninin dəfn mərasimi də buna uyğun təşkil edildi.
Onunla vida mərasimi Nyu-Yorkun Harlemdəki Apollon Teatrında baş tutub. Onun tabutu demək olar ki, Maykl Ceksonun tabutu ilə eyni idi və buna görə də qiyməti hədsiz dərəcədə baha idi.
Elvis Presli (1935-1977)
1977-ci ildə başqa bir "kral" olan Elvis Preslinin dəfn mərasimi 23789 dollara başa gəldi. Müğənninin ölüm xəbəri qəzetlərdə çıxanda, iki gün ərzində 25 min fanat onun Memfisdəki malikanəsini mühasirəyə aldı. Möhtəşəm mərasimin pulunu qohumları mərhumun öz hesabına ödəyib, bəziləri hətta yaxşıca pul da qazana biliblər. Dəfn mərasimi mətbuata qapalı keçirildi, lakin Preslinin yaxın qohumlarından biri müğənninin tabutdakı cəsədinin şəklini 18 min dollara satdı. Üzərində şəkli olan jurnal isə 6,5 milyon nüsxə satılıb.
Marqaret Tetçer (1925-2013)
Marqaret Tetçer və ya Dəmir Ledi 1979-1990-cı illərdə Britaniyanın baş naziri olub və 2013-cü ilin aprelində insultdan dünyasını dəyişib. Siyasətçinin dəfn mərasiminə 1,8 milyon dollar xərclənib. Üstəlik, təkcə Marqaret Tetçerin əmlakından deyil, həm də vətəndaşların vergilərindən inanılmaz məbləğ götürülüb. Müqəddəs Pavel katedralında keçirilən mərasimin özünə cəmi 400 min dollar xərclənib, qalan məbləğ isə dəfn mərasimində təhlükəsizliyin təmin edilməsinə yönəlib.
Uinston Çörçill (1874-1965)
Böyük Britaniyanın Baş naziri, yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı və ABŞ-ın fəxri vətəndaşı Uinston Çörçill xüsusi təmtəraqla dəfn edildi. Çörçill İkinci Dünya Müharibəsinin başa çatmasında böyük rol oynadığına görə, 1965-ci ildə onun dəfn mərasimi yalnız kral ailəsinin üzvləri üçün nəzərdə tutulmuş bir mərasim idi. 1965-ci ildə siyasətçinin dəfn mərasiminin təşkilinə 258 min dollar xərclənib ki, bu da bugünkü standartlarla 4,2 milyona bərabərdir.
Uels şahzadəsi Diana (1961-1997)
Uels şahzadəsi, Çarlzın həyat yoldaşı, ingilislərin və bütün dünya insanlarının sevimlisi olan şahzadə Diana 1997-ci ildə Parisdə avtomobil qəzasında dünyasını dəyişib. Onun dəbdəbəli dəfn mərasiminə 7,7 milyon dollar xərclənib. Sadə vətəndaşlara bu pulun nəyə xərcləndiyi məlum deyil, lakin açıq-aşkar kifayət qədər böyük məbləğdə pullar xərclənib: sentyabrın 1-dən 8-dək Bukingem sarayında, Müqəddəs Ceyms sarayında və Kensinqton sarayında Diananın xatirəsinə 10-15 min ton ağırlığında 5 milyon gül dəstəsi qoyulub. Sentyabrın 6-da bir milyondan çox insan dəfn mərasiminin şahidi oldu və Diananın tabutu təntənəli top vaqonunda daşınarkən Vestminster Abbeyinin zəngi hər dəqiqə çalırdı.
II İohan Pavel (1920-2005)
Katolik Kilsəsinin lideri olan Papa II İohann Pavel 1978-ci ildən 2005-ci ilə qədər kilsəyə rəhbərlik edib. Onu son səfərinə təmtəraqla yola saldılar.
II İohann Pavelin dəfn mərasimi təşkilatçılara 11,9 milyon dollara başa gəlib. Tetçer də olduğu kimi, mərasimdə dörd kral, beş kraliça və yetmiş prezident iştirak etdiyi üçün ən böyük xərc təhlükəsizliklə bağlı idi.
II Yelizaveta
Böyük Britaniya kraliçası II Yelizaveta 8 sentyabr 2022-ci ildə 96 yaşında vəfat etdi; onun dəfn mərasimi sentyabrın 19-da baş tutdu. Milli matəm on gün davam etdi və bu müddət ərzində yüz minlərlə insan kraliçanın tabutunun nümayiş olunduğu Vestminster Sarayını ziyarət etdi.
Kraliça Uindsor qəsrinin ərazisindəki Müqəddəs Georgi kapellasında dəfn edildi. Kraliçanın atası VI Corc,b anası Elizabet Boues-Lyon və bacısı Marqaret də Georgi kapellasında dəfn olunub. Həyat yoldaşı Edinburq hersoqu Filipin də cənazəsi oraya köçürülüb. Beləliklə, 73 il birlikdə yaşayan cütlük öldükdən sonra yenidən bir araya gəlib.
Dəfn mərasimi onun ən yaxın adamlarının iştirakı ilə keçirilsə də, anım mərasimində iki mindən çox insan iştirak edib. Onların arasında yüzdən çox dövlət başçısı var idi. Böyük Britaniyada ən uzun müddət taxtda oturan kraliçanın dəfn mərasimi və yas mərasimləri ölkə büdcəsinə təxminən 162 milyon dollara başa gəlib.
Kim Çen İr (1941-2011)
Şimali Koreyanın ali lideri Kim Çen İr sağlığında özünə kult yaradıb, ona görə də onun ölümü ətrafı və geniş əhali arasında kütləvi isteriyaya səbəb olub. Kim Çen İrin 10 milyon dollar dəyərində heykəli ucaldılıb.
Baş katibin mumiyalanmasına qərar verildiyi üçün ölkəyə rusiyalı mütəxəssislər gətirilib. Onların işi və xüsusi sarkofaq, medianın məlumatına görə, bir milyon dollara başa gəlib.
Nubar Süleymanova, “İki sahil”