23 noyabr 2023 01:15
1118

ABŞ-ın 907-ci qarınağrısı

ABŞ Senatı “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar bəyanat qəbul edib.  Sənədə əsasən, ABŞ Prezidenti “Azadlığa dəstək aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə desək, sənəd Azərbaycana dövlət yardımının qadağan olunmasını nəzərdə tutur. Bu da Ermənistanın ürəyicədir. Halbuki, rəsmi Bakı Birləşmiş Ştatların bütün regional təşəbbüslərində, xüsusən də beynəlxalq terrorizmlə mübarizədə yaxından iştirak etməklə yanaşı, həmin proseslərə özünün töhfəsini də verib.

Bəs bu, hansı zərurətdən irəli gəlmişdir? Artıq bu, bir həqiqətdir ki, bəzi Qərb ölkələri kimi, ABŞ da Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, regionda yeni reallıqlar yaratması ilə heç cür barışa bilmir. Necə deyərlər, sanki Bayden administrasiyasının, korrupsiyaçı, islamofob senatorların yuxusu ərşə çəkilib. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi haylardan  çox onları narahat etməyə başlayıb. Elə bu səbəbdən sözügedən ölkə təcavüzkar Ermənistanı həm hərbi, həm siyasi müstəvidə dəstəkləmək məqsədilə Azərbaycana təsir etməkdən ötrü dəridən-qabıqdan çıxır. Şübhəsiz, həmin qərəzli addım da rəsmi Vaşinqtonun bu siyasətinə xidmət edir.

 Amerikanın son illərdə həyata keçirdiyi xarici siyasətini nəzərdən keçirsək görərik ki, onlardan heç biri uğurlu olmamışdır. Məsələn, ABŞ Əfqanıstanda apardığı 20 illik qanlı müharibədən sonra ölkəni hərc-mərclik içərisində qoyub tərk etmədimi? İraqda milyonlarla insanı doğma yurdlarından didərgin salmadımı? İsrail-Fələstin münaqişəsini alovlandırmadımı? ABŞ öz maraqları naminə Ermənistanı da təhlükələr qarşısında qoymaq istəyir. Bu mənada havadarlarının məkrli gedişlərindən xumarlanan, gözləri tutulub gələcəyini görməyən rəsmi İrəvan özünü  necə bəlaya saldığının fərqində deyil. Nədənsə dərk etmək istəmirlər ki, Cənubi Qafqazı münaqişə ocağına çevirmək istəyənlər məqsədlərinə çatarlarsa, həmin ocağın alovunda yanan elə Ermənistan olacaq.

Maraqlar demişkən, ABŞ-ın Ermənistana "canıyananlıq" göstərməsinin digər səbəbi də var. Belə ki, ABŞ son illər əzəli rəqibi sayılan Rusiyanın Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı qarşısına məqsəd qoyub. Sözügedən ölkə Rusiya-Ukrayna müharibəsi fonunda bu məqsədinə nail olmağa cəhdlər göstərir. Bu niyyətlə də o, Ermənistanı özünün alətinə çevirib. Üstəlik, noyabrın 15-də “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul etməklə hayları sevindirib. 

Bəli, ABŞ çalışır ki, ölkəmiz Rusiya ilə münasibətlərini korlasın. Axı o, Ukraynada, Moldovada, Gürcüstanda və Ermənistanda müəyyən mənada öz istəyinə nail olub. Amma dünyanın superdövləti müstəqil siyasət yeridən Azərbaycanı öz yolundan döndərə bilmir. Belə ki, rəsmi Bakı ABŞ-ın qlobal maraqlarına toxunsa belə hər zaman dövlət və regional maraqlardan çıxış edir. Elə bu səbəbdən də ABŞ Azərbaycanı əgər belə demək mümkünsə “cəza”landırıb. Amma ABŞ unutmasın ki, bu gün Azərbaycanın heç bir ölkənin, o cümlədən onun  yardımına ehtiyacı yoxdur. Belə ki, artıq ölkəmiz dünya miqyasında özü donor bir dövlətə çevrilib, digər ölkələrə yardımlar edir. Məsələn, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan ehtiyacı olan ölkələrə əl tutur, Ukrayna, Qəzza kimi müharibə zonalarına humanitar yardımlar göndərir.

Bir məsələni də vurğulamaq yerinə düşərdi. ABŞ-ı bu addımı atmağa vadar edən həm də seçkilərdir. Belə ki, gələn il Amerikada növbəti prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi vəziyyət Bayden iqtidarı üçün ürəkaçan deyil. Buna görə də onlar vəziyyəti xeyirlərinə dəyişmək üçün hərəkətə keçiblər. Bu məqsədlə də seçkilərə təsir imkanlarına malik erməni lobbisinə yarınmağı, daha doğrusu, onların çaldıqları havaya oynamağı üstün tutublar. Qeyd edək ki, Bayden ilk dəfə seçiləndə  erməni diasporu ona güclü dəstək vermişdi. Görünür,  bu dəfə də həmin dəstəyi əldə etməyə çalışır.

Yeri gəlmişkən qeyd edək ki, uğursuz vasitəçiliyi ilə seçilən ABŞ Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi kimi 27 il ərzində tərəflərin sülhə gəlməsi üçün heç bir iş görməmişdir. Əksinə, Vaşinqton ötən müddətdə təcavüzkar Ermənistana dəstək vermiş, Azərbaycanın işğal edilmiş ərazisində təcavüzkar ölkə tərəfindən yaradılmış qanunsuz separatçı xunta rejimini dəstəkləmiş, ona maliyyə yardımı göstərmiş, separatçıları ABŞ-a müntəzəm səfərlərini təşkil etmiş, Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini abidələrin dağıdılmasına etinasızlıq göstərmiş,  44 günlük Vətən müharibəsindən, həmçinin antiterror tədbirlərindən sonra revanşist qüvvələrə açıq dəstək vermisdir.

Bütün bunları bir daha dərindən analiz etdikdə belə qənaətə  gəlmək olar ki, qərəzli siyasət yürüdən və Ermənistana dəstək verən ABŞ bu addımı ilə Azərbaycana təzyiq göstərməyə çalışır. Rəsmi Bakı isə beynəlxalq hüququn norma və prinsipləri əsasında beynəlxalq öhdəliklərinə uyğun   hərəkət etməkdədir.  

Azərbaycan Respublikasının Milli Məclis noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” qəbul etməsinə qəti etirazını bildirib və  ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayıb. Bəyanatda deyilir: “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılmasını ləğv etməklə ABŞ tərəfi Azərbaycana qarşı 1992-ci ildə yol verdiyi tarixi səhvi, təəssüf ki, yenidən təkrarlayır… Qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdikdən sonra Amerikanın onu müdafiə etməsi siyasi riyakarlıq olub regionda vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Sözdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan ABŞ tərəfi məhz ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycana qarşı qeyri-dost addımlarını intensivləşdirməklə ikiüzlü siyasət yeritdiyini ortaya qoymuşdur”. Şübhəsiz, bu da onun bir daha məkrli, çirkin xislətindən xəbər verir. Bununla da ABŞ iki ölkə arasındakı sülh danışıqlarını məqsədli şəkildə pozmaqda davam edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”