“Sizinlə müntəzəm görüşürük. Mənim Qırğızıstana dövlət səfərimlə bağlı çox yaxşı təəssüratlarım var. Həmçinin Sizin Azərbaycana ötən il etdiyiniz səfəri xatırlayıram. Əlbəttə, Sizi növbəti ildə dövlət səfəri ilə yenə də gözləyirik”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşü zamanı bildirib.
“Münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir. Biz bir-birimizi həmişə dəstəkləyəcəyik və gələcəkdə beynəlxalq strukturlarda da bunu edəcəyik. Bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya siyasəti, ölkələrimizin daha da yaxınlaşması ilə əlaqədar mühüm məsələləri həll edirik. Son vaxtlar beynəlxalq tədbirlərdə çox tez-tez görüşürük. Bu, həmişə gündəlikdə duran məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə il ərzində görülən işlərə bir daha yekun vuracağıq, il başa çatır, növbəti gələcək addımları müəyyən edəcəyik. Beləliklə, bir daha xoş gəlmisiniz” – dövlət başçısı qeyd edib.