Növbəti görüşümüzə çox şadam. Səmimi sözlərinizə görə çox sağ olun. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin vəziyyətinə Sizin verdiyiniz yüksək qiymətə tam şərikəm.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşdə Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.
O bildirib ki, son illər Azərbaycan və Qırğızıstan dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə çatıb: “Fürsətdən istifadə edərək, Sizə və azərbaycanlı dostlarımıza mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu gün biz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın aktual məsələlərini konstruktiv şəkildə müzakirə edəcək və fikir mübadiləsi aparacağıq”.
Sadır Japarov vurğulayıb ki, Qırğızıstan özünün strateji tərəfdaşı olan Azərbaycanla dostluq münasibətlərinə və qarşılıqlı dəstəyə dəyər verir: “Bu il ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyini qeyd etdilər. Biz bu əlamətdar tarixə yaxşı nəticələrlə gəldik. Ötən il yüksək səviyyədə iki görüş olub, dövlət başçıları səviyyəsində Dövlətlərarası Şura yaradılıb və onun birinci iclası keçirilib. Yüksək səviyyədə dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələr parlamentlər, hökumətlər və sahə nazirlikləri arasında fəal qarşılıqlı fəaliyyətə şərait yaradıb. 2022-ci ildə bizim qarşılıqlı səfərlərimiz əsnasında əldə olunmuş bir sıra razılaşmalar 5-ci iclası bu il iyulun 26-da Çolpon-Ata şəhərində hökumət başçılarının müavinlərinin sədrliyi ilə keçirilən İqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın xətti ilə praktiki dinamika qazanıb. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı fəaliyyət göstəririk və namizədlərin irəli sürülməsində bir-birimizi dəstəkləyirik”.