27 noyabr 2023 15:17
963

Bəxtiyar Aslanbəyli: Uğurlu neft-qaz siyasətimizin banisi Heydər Əliyevdir

Azərbaycanın uğurlu neft-qaz siyasətinin banisi Heydər Əliyevdir.

“İki sahil” xəbər verir ki, bunu BP şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli Bakıda keçirilən "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda beynəlxalq konfransda, "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" adlı ümumrespublika və beynəlxalq elmi-praktiki məqalə müsabiqəsinin təltifetmə mərasimində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bugünkü iqtisadi gücünün arxasında uğurlu neft-qaz siyasəti dayanır: “Həmin uğurlu neft-qaz siyasətini həyata keçirən H.Əliyev olub. Onun bu siyasətinin təntənəsi “Əsrin Müqaviləsi” idi. Bu müqavilə Azərbaycanın neft-qaz sənayesinə yeni standartların gətirilməsinin, yeni nəsil peşəkar neft-qaz mütəxəssislərinin hazırlanmasının əsasını qoyub. Sənəd Azərbaycanın beynəlxalq səviyyədə fəaliyyətinə dəstək verəcək çox ciddi iqtisadi dividendlər gətirib”.

B. Aslanbəyli vurğulayıb ki, həmin dövrdə atılan addımlar çox məntiqli, çox ardıcıl görünür: “Həmin qərarların verilməsinin arxasında çox ciddi siyasi iradə dayanır. Belə ki, Ulu Öndər hakimiyyətə gələndə həmin dövrdə verdiyi qərarlardan biri neft müqaviləsi ilə bağlı danışıqları dayandırmaq idi. Həmin vaxta qədər əvvəlki hökumətlə müəyyən razılaşmalar əldə edilmişdi. Neft müqaviləsi ilə bağlı danışıqların dayandırılması müəyyən bir reaksiya yaratdı. Həmin qərarın doğruluğu Ulu Öndərin növbəti addımları vasitəsilə təsdiq edilib. Azərbaycanın şərtləri əsasında həmin danışıqlar bərpa olunub. Nəticə etibarilə 1994-cü ildə bir neçə dövlətin, beynəlxalq şirkətlərin iştirak etdiyi “Əsrin Müqaviləsi” imzalandı. Həmin dövrdə sazişin imzalanması kifayət qədə problemli məqam idi, birinci növbədə Xəzərin statusu ilə bağlı məsələlər var idi. Həmin dövr üçün innovativ addım sayıla biləcək addım atıldı və xarici investorlar ölkəyə cəlb edildi”.