28 noyabr 2023 00:17
573

Əli Kərimlinin antimlli fəaliyyətinin bumeranq effekti

AXCP-dəki istefalar dalğası onun siyasi sonluğunu sürətləndirir

Biz hər zaman demişik ki, Əli Kərimli dağıdıcı müxalifət düşərgəsini nəinki inhisara alıb, hətta orada özünün diktaturasını yaradıb. Düzdür, zaman-zaman Əli Kərimlinin bu diktatura rejimindən iyrənib partiyadan istefa verənlər də olub. Lakin Kərimli isə digər gəncləri şirnikləşdrici vədlərlə, populist fikirlərlə ətrafında saxlamağı da bacarıb. Ancaq bunlar da müvəqqəti olub. Çünki onun ətrafındakı mütləq çoxluq yaxşı anlayır ki, bu antmilli ünsürlə birlikdə olmağın heç bir  perspektivi yoxdur.

Bəli, AXCP-dəki son istefalar partiya daxilində böyük səs-küy yaratmaqdadır. Çünki illərini və enerjisini partiyaya həsr etmiş insanlar bu gün əslində Əli Kərimlinin ailəsinin xidmətçisi olduqlarını anlyaraq oradan qaçmağa çalışırlar. İki gün öncə istefa verənlərdən biri AXCP Ali Məclisinin və təşkilat şöbəsinin üzvü, bir müddət AXCP Nizami rayon şöbəsinə sədrlik etmiş Seymur Əhmədzadə illərdir uğrunda həbsə belə düşdüyü Əli Kərimli tərəfindən oğru adlandırılır. Eyni zamanda, digər istefa vermiş Pərvin Hüseynliyə ailəli olmasına baxmayaraq, guya kiminləsə əxlaqsız münasibətdə olduğu barədə böhtanlar atılır. Bu gün isə daha bir cəbhəçi gənc Tərlan Babayev partiyadan istefa verdiyini açıqlayıb.

Bu gənclər bildirirlər ki, partiyadan istefa verib gedənlər Əli Kərimlinin şəxsi tapşırığı ilə şərlənir və təhqir olunur, hətta linç edilirlər. Xatırladaq ki, bu istefalar dalğası təxminən iki il əvvəl də qeydə alınmışdı. O zaman isə AXCP-çi gənclər Dilarə Miriyeva, Məmməd Balaməmmədov, Aydın Əliyev, Könül Əhmədova öz «dostları» tərəfindən ən ağır təhqirlərə məruz qalmışdılar. Əslində AXCP sədri Əli Kərimlinin trolları bu cür təbliğatları ilə gələcəkdə istefa verməyə çalışan digər gənclərin gözünü qırmağa çalışırlar. Amma onlar hələ də anlamırlar ki, istefa verən gəncləri əxlaqsızlıqda ittiham etmək elə partiyanın özünün əxlaqsızlar yuvası olduğuna bir işarədir. Trolların sosial şəbəkə statuslarına istinad etsək onda belə anlaşılır ki, AXCP dələduzlar və əxlaqsızlar yığnağıdır…

Təhqirlərə məruz qalan Seymur Əhmədzadə ilə Pərvin Hüseynliyə əxlaqsızlıq şərinin atılması AXCP Gənclər Komitəsinin sədri olmuş Əbülfəz Qurbanlını da xatırlatdı. Onu da elə bu cür əxlaqsızlıqda ittiham edərək partiyadan uzaqlaşdırmışdılar.

İstefa verən cəbhəçi gənclər bildirirlər ki, onları sosial şəbəkələrdə təhqir edən torlbaşı Məmməd İbrahimdir. Ümumiyyətlə, Məmməd İbrahim Əli Kərimlinin antidemokratik idarəçiliyinə etiraz edərək istefa verən partiya üzvlərini şantaj  etməklə məşğuldur. «Cəbhəçi» Afa xanım yazır ki, Məmməd İbrahim özünü cəbhənin Ramiz Mehdiyevi adlandırır. Bu həmin Məmməddir ki, məşuqəsi ilə çox evlər yıxıb. Eyni zamanda, Məmməd həm də istedadlı troldur və gündə bir saxta profil yaradıb insanların şərəf və ləyaqətini təhqir edir. Bu gün də Seymur Əhmədzadənin və Pərvin Hüseynlinin şərlənməsinin, təhqir olunmasının başında Məmməd İbrahim durur.

Təbii ki, gənclər etiraf edirlər ki, diktaturanın hökm sürdüyü AXCP-də Məmməd İbrahim bu cür təhqir kampaniyalarını özbaşına etmir. Çünki hər kəs onu yalnız AXCP Rəyasət Heyətinin üzvü kimi yox, daha çox sədr Əli Kərimlinin təsərrüfat işlərinə baxan, hətta lazım olanda diktatorun evindəki məişət texnikalarını da təmir edən biri kimi tanıyır. Ona görə də, şübhə yoxdur ki, Məmməd İbrahim təhqir və şərləmə kampaniyalarının tapşırığını birbaşa Əli Kərimlidən alır.

Görünən odur ki, gənclərin AXCP-dən son istefaları axırıncı deyil və bu xəmir hələ çox su aparacaq. Xüsusilə aydın olur ki, Seymur Əhmədzadə, Pərvin Hüseynli və Tərlan Babayev onlara yönəlik bu təhqirlərə, şantajlara susmayacaqlar, hətta Əli Kərimlinin ifşası üçün yeni cəbhə açacaqlar.

Bəli, bu istefalar və partiyadakı ciddi ziddiyyətlər göstərir ki, artıq AXCP sədri Əli Kərimli siyasi iflasın bir addımlığındadır. Çünki ən yaxın ətrafı onun antimilli və qeyri-demokratik fəaliyyətindən nəin ki, yorulublar, hətta iyrəniblər  Artıq ağlı başında olan cəbhəçilər gec də olsa anlayıblar ki, nə kecmişdə, nə indi heç bir dəyərli siyasi fəaliyyətlə məşğul olmayan bu lidercikdən  bundan sonra ciddi bir fəaliyyət gözləməyə dəyməz.

Təbii ki, Əli Kərimli antimlli fəaliyyətinin  «mükafat»ını alır. Çünki əgər bir partiya düzgün idarə olunmursa, milli maraqlardan çıxış etmirsə və hətta xəyanətə yol verirsə, çirkli pullarla, xüsusən də avtoritar formada idarə olunursa onun siyasi arenadan biabırçı şəkildə çəkilməsi qaçılmazdır. Xüsusilə 44 günlük Vətən müharibəsində xalq-ordu-Prezident birliyinə kölgə salan bu adam xarici dövlətlərin agentura şəbəkəsi ilə işbirliyinə gedib qələbəmizə kölgə salırdı.

Sonda qeyd etmək lazımdır ki, AXCP-də başlayan yeni istefalar dalğası Əli Kərimlinin rəhbərlik etdiyi partiyanın üzvlərinin sayının xeyli azalmasına səbəb olacaq ki, bu da siyasi partiyaların reyestrindən keçmək üçün AXCP-nin verdiyi siyahıdakı 5004 nəfərin azalaraq 5 minin altına düşməsi ilə nəticələnəcək.

Elçin Zaman, "İki sahil"