28 noyabr 2023 00:55
357

Bizi Qərbi Azərbaycana aparacaq yol…

Müdrik babalarımız, ismətli nənələrimiz həmişə deyiblər ki, Vətən müqəddəsdir. Vətən, yurd sevgisi isə sevgilərin ən alisi, əvəzolunmazdır. Böyük şairimiz Abbas Səhhətin yazdığı kimi,Vətən ulu əcdadlarımızın mədfəni, övladlarımızın-gələcək nəsillərin məskənidir. Qırx dörd günlük müharibədə məhz xalqımızın Vətən sevgisi ərazilərimizin erməni işğalından azad olunmasında mühüm rol oynadı. Doğma yurd sevdalı, el-oba nisgilli cəngavər oğullarımız öz qanı canı bahasına yağı qəvi düşməni diz çökdürərək torpaqlarımızı əsarətdən qurtardılar, xalqımızın başını ucaltdılar.

Vətən anadır, doğulub böyüdüyümüz doğma yurd-yuvadır. Ulu əcdadlarımızın bizə əvəzsiz mirasıdır. Vətən anamız kimi hec zaman unudulmaz, yaddan çıxmaz. Yenə böyük vətənpərvər şairimizin söylədiyi kimi, “Məni xəlq eyləmiş əvvəlcə Xuda, Sonra vermiş vətənim nəşvü-nüma”.

Bəli, biz qırx dörd günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək Qarabağa və Şərqi Zəngəzura qayıtdıq. Hazırda növbəti tarixi hədəfimiz əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışdır. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə icmanın yeni binasında görüşərkən bu mesajı verdi. Qərbi Azərbaycan icmasının qarşısında mühüm vəzifələr qoydu. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir: “Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir”.

Ədalət naminə demək lazımdır ki, ötən dövrdə Qərbi Azərbaycan İcması bu istiqamətdə ciddi addımlar atıb, məqsədyönlü işlər görüb. Dövlətimizin başçısının tapşırığı ilə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul edilib.  Konsepsiya indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsini özündə ehtiva edir. Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, qaçqınların statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edib.    

Ölkəmizin başçısının tapşırığı ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Artqı icmanın təşəbbüsü ilə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müəyyən qərarlar qəbul olunub. BMT katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi sənədi kimi yayımlaması, Avropa İttifaqı səviyyəsində məsələ ilə bağlı müzakirələrin aparılması, həmçinin icmanın Avropa Şurası Parlament Assambleyasını Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtması hüququ üzrə monitorinqə başlamağa çağırması bunun əyani təsdiqidir.

Hazırda icma bir neçə istiqamət üzrə öz işini davam etdirir. Bu gün dövlət başçısının rəhbərliyi ilə Qərbi Azərbaycana sülh yolu ilə qayıdış istiqamətində məqsədli, genişləndirilmiş və davamlı işlər görülür, əhəmiyyətli layihələr həyata keçirilir. Noyabrın 23-də Naxçıvan Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqresin keçirilməsi bunun bariz nümunəsidir. Festivalda Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyaların, kitab sərgisinin, kulinariyanın və maddi mədəniyyət nümunələrindən ibarət stendlərin, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramının, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlərin yer alması çox mühüm əhəmiyyət kəsb edir. 

Şübhəsiz, Qərbi Azərbaycanla bağlı belə möhtəşəm bir tədbirin Naxçıvan şəhərində keçirilməsi heç də təsadüfi deyil. Çünki 1989-cu ilin o ağrılı-acılı günlərində qədim və məğrur Naxçıvan Qərbi azərbaycanlı soydaşlarımızı öz isti qucağına aldı, onlara arxa, dayaq oldu, nəvaziş göstərib, süfrəsini paylaşdı. O dövrdə öz dogma yurd-yuvasından didərgin düşən Qərbi azərbaycanlıların böyük əksəriyyəti Naxçıvanda məskunlaşdı. Bizim kəndimizdən- Qarabağlardan bir az yuxarıda yerləşən Çalxanqala kəndində bu gün də 1989-cu ildə Qərbi Azərbaycandan didərgin düşmüş bacı-qardaşlarımız yaşayır.

Heç kimdə şübhə olmasın ki, biz gec-tez öz tarixi yurdumuza-Qərbi Azərbaycana qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və insani haqqımızdır. Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar Qərbi azərbaycanlı soydaşlarımızın da hüquqlarını bərpa edəcək, onlar öz doğma yurdlarına dönəcəklər. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun, azərbaycanlılar İrəvana, Goyçəyə, Dərələyəzə, Ağbabaya, Vedibasara, Nüvədiyə və.s qayıtsınlar.

Böyük mütəfəkkir Volter deyirdi ki, Vətən ruhumuzun əsir olduğu yerdir. Tarixi yurd yerimiz, böyük A. Səhhətin yazdığı kimi, əcdadlarımızın mədfəni olan Qərbi Azərbaycan ruhumuzun əsir olduğu yerdir. O torpaqlar bizimdir, yurdumuz-yuvamız, elimiz-günümüz oradır və biz tezliklə sülh yolu ilə ruhumuzun əsir düşdüyü o yerlərə qayıdacağıq. Bunu dost da bilsin, düşmən də…

Zahid Rza, “İki sahil”