Kürdəmirdə prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir
Martın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri rayonun Çöhranlı, Yeni Şıxımlı kəndlərində, Dəyirman kombinatında seçicilərlə görüşlər keçirib.
Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Kürdəmir rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, infrastruktur layihələrinin əhəmiyyətindən danışıb: “Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə qazandığı sabit, demokratik ölkə imicini daha da möhkəmləndirir. Böyük sürətlə və hərtərəfli şəkildə dinamik inkişafı davam edən müstəqil Azərbaycan dövləti dünya birliyində xüsusi çəkiyə malik əhəmiyyətli ölkədir. Nəinki regionun, ümumiyyətlə qlobal mənada dünyanın ən müxtəlif problemlərinin həllində Azərbaycan Respublikası mötəbər söz sahibidir. Son 15 ildə görülən işlər, imzalanan Fərman və sərəncamlar, müxtəlif sahələri əhatə edən proqramlar cənab İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayandığını təsdiqləyir.” A.Kərimli vurğulayıb ki, 11 apreldə hər birimiz seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləməklə Azərbaycanımızın daha da güclənməsinə səs verməliyik.
Çıxış edən təbliğat qrupunun üzvləri Sabir Novruzov, Talıb Məmmədov, Elmira Süleymanova, Valeh Qaraşov Azərbaycan dövlətinin son 15 ildə atdığı uğurlu addımlardan danışaraq, prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildiriblər: “Geridə qoyduğumuz 15 ilə nəzər salmaq kifayət edir ki, ölkəmizin, xalqımızın və dövlətimizin gələcəyini qarşıdakı illərdə də partiyamızın Sədri cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinə etibar edək.”
Görüşlərdə seçicilər adından Nurəddin Nəsibov, Allahverdi Hacıyev, Rahim Nuğayev çıxış edərək rayonda, kənddə həyata keçirilən quruculuq işlərindən, ölkəmizdə gedən dinamik inkişafdan danışıblar. Seçicilər cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildiriblər. Onların sözlərinə görə, cənab İlham Əliyev ötən müddət ərzində xalq qarşısında bütün vədlərinə layiqincə əməl edib: “Cənab İlham Əliyevin seçki platformasında elə bir bənd yoxdur ki, yerinə yetirilməmiş qalsın. Bu düşünülmüş siyasətin nəticəsidir ki, ölkəmizdə iqtisadi inkişaf sürətli və davamlıdır. Bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Biz kürdəmirlilər hər zaman Prezidentimizi dəstəkləmişik və aprelin 11-də bir daha dəstəkləyərək Azərbaycanın daha böyük zirvələri fəth etməsinə zəmin yaradacağıq.”
Orxan Vahidoğlu, “İki sahil”