28 noyabr 2023 17:05
208

Sus kəndinin tikintisi davam edir, sakinlərin ehtiyaclarının qiymətləndirilməsi üçün sorğu keçirilir- "Qaçqınkom"

Laçın rayonunun Sus kəndinin tikintisi davam edir, sakinlərin ehtiyaclarının qiymətləndirilməsi üçün sorğu keçirilir və qayıdışın səmərəli təşkili ilə bağlı müəyyənləşdirilmiş digər tədbirlər icra olunur.

Bu barədə “İki sahil”ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu gün əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Vətəndaşların fərdi qəbulu başa çatdıqdan sonra Dövlət Komitəsinin sədri Laçın rayonunun Sus kəndinin bir qrup sakini ilə görüşüb. Komitə sədri dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda effektiv qayıdışı ilə əlaqədar verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Qəbulda iştirak edən sakinlər kənd sakinlərinin mütləq əskəriyyətinin doğma yurda qayıtmağa hazır olduğunu bildirib.