Azərbaycan dönə-dönə ən yüksək tribunalardan dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri, faciələri əsaslı şəkildə bəyan edir. Bu fakt inkaredilməzdir ki, artıq tarixin arxivinə atılan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasında əksər dünya güclərinin ikili mövqe nümayiş etdirmələri böyük rol oynadı. Bunun üçün münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, bu gün artıq tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupunun həmsədrlərinin 27 il BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qalmasına yönələn addımlarını yada salmaq kifayətdir. Vasitəçilik missiyasını yerinə yetirən bəzi dünya gücləri 27 il münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail olmadılar. Sonadək belə bir yanlış mövqe nümayiş etdirdilər ki, işğalçının adı ilə çağırılması münaqişənin həllinə mane ola bilər. Ermənistana demokratiyaya dəstək adı altında göstərilən maddi və mənəvi dəstəklər, işğalçı dövlətin silahlandırılması və sair kimi addımlar tarixi Zəfərimizdən sonra da davam etdirilir. Bununla da dünya hüquq problemini yaşadığını bir daha açıq-aşkar nümayiş etdirir. Rəsmi Bakının bəyanatlarında daim bu məqam xüsusi qeyd edilir ki, münaqişəli məsələlərin həllində əsas amil olan ədalətin və beynəlxalq hüquq normalarının tətbiqi üçün vahid mexanizm olmalıdır. Eyni zamanda, bu mühüm amili də qeyd etməliyik ki, postmünaqişə dövrünün mühüm çağırışlarından biri BMT sisteminin təkmilləşdirilməsi, qurumun Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi məsələsidir. Azərbaycan bununla bağlı təkliflərini də diqqətə çatdırır. Təbii ki, bunları qeyd etməyimiz səbəbsiz deyil. Azərbaycan bütün bunlara baxmayaraq ilk gündən strateji hədəflərinin dəyişməz olduğunu bəyan etdi. Bu, müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq qalmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ərazi bütövlüyümüzü bərpa etmək idi.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaratdı. Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələr öz xarici siyasətlərini ambisiyaları üzərində qurmamalıdırlar. Bu həmin güclərin müstəmləkəçilik siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir. Özlərini dünyanın ağası hesab edən bu müstəmləkəçi dövlətlər anlamalıdırlar ki, heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz.
Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində də bu məqamlara xüsusi diqqət yönəldildi. Belə ki, dövlət başçısı İlham Əliyev qeyd etdi ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğu, həqiqəti əks etdirmədiyi və Azərbaycan tərəfindən rədd edildiyi bildirildi. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini tam açıqlığı ilə diqqətə çatdırdı. ABŞ öz mövqeyindən geri çəkildi və bir daha təsdiq olundu ki, heç bir qüvvə Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz. Azərbaycan siyasətində müstəqildir, prinsipialdır, mövqeyi dəyişməzdir və bu mövqeyi sona kimi müdafiə etməkdə israrlıdır. Blinkenin yanaşması da göstərir ki, həm Konqres, həm də Dövlət Departamentinin nümayəndələri yanlış mövqedə olublar.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycan Xarici İşlər Nazirliyinin Konqresdə dinləmələrlə bağlı bəyanatında yer alan bu məqamlara bir daha diqqəti yönlədib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün gücdən istifadə etməklə bağlı legitim hüququ olduğunu bir daha vurğulayır. ABŞ tərəfinin Azərbaycana münasibətdə Birləşmiş Ştatların təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik. Üstəlik, ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir. Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanın xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.
Vüqar Rəhimzadə ABŞ-ın ikiüzlülüyünün göstəricilərindən biri kimi Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlikin fikirlərini də diqqətə çatdırıb. AKP-nin sözcüsü bildirib ki, ABŞ Türkiyəyə F-16-ların verilməsi üçün şərt kimi Ankaradan Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb etmişdir. Göründüyü kimi, ABŞ öz müttəfiqləri ilə təzyiq dilində danışır, onları təhdid edir. Əksər dünya güclərinin zaman-zaman atdıqları addımlar, maraqları ucbatından ədalətin və beynəlxalq hüququn yoxluğu barədə yaratdıqları fikirlər “Siyasətdə əbədi dost yox, maraqlar olur” tezisinin mövcudluğunu bir daha təsdiqləyir. 44 gunlük İkinci Qarabağ müharibəsi hər zaman qeyd etdiyimiz kimi, bir həqiqət anı oldu. Kimin ədalətin, kimin isə təcavüzkarın yanında olduğu təsdiqləndi. Qardaş Türkiyə müharibə başlandığı andan Azərbaycana siyasi və mənəvi dəstəyini göstərdi. Baxmayaraq ki, Ermənistan və ona havadarlıq edən dövlətlər müharibənin davam etdiyi 44 gündə hər an üçüncü dövlətin məsələyə cəlb olunmasına çalışdılar. Tez-tez qardaş Türkiyənin Azərbaycana hərbi dəstəyi barədə səsləndirilən fikirlər də bu çirkin niyyətlərin, planların tərkib hissəsi idi. ABŞ çox yaxşı bilir ki, Türkiyə Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib. Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edib. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Azərbaycanın yeni texnologiyaların tətbiqinə və inkişafına göstərdiyi maraq beynəlxalq səviyyədə diqqətlə izlənilir. Ölkəmiz hərbi qüdrətinin gucləndirilməsi istiqamətində daim ciddi səylər göstərir. Baxmayaraq ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıq, dövlət başçısı İlham Əliyev qarşıdakı dövrün hədəflərini açıqlayarkən ordu quruculuğunun gücləndirilməsini prioritet məsələ kimi öndə saxladı. Azərbaycan və qardaş Türkiyənin birgə keçirdikləri hərbi təlimlər daim dünyanın diqqətindədir. Atılan hər bir addım Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, F-16, F-35-lərin Türkiyəyə verilməməsinin əsl səbəbləri bəllidir. ABŞ bunun üçün çoxsaylı bəhanələr ortaya atıb Türkiyəyə təzyiq göstərməyə çalışır. Azərbaycana yardım məsələsi də bu bəhanələrdən biridir. Reallıq budur ki, Türkiyə bu gün dünya çapında söz sahibinə, bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantına çevrilmişdir. Türkiyənin güclü sənayesi həm qardaş ölkənin, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türkiyə Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Dövlət başçısı İlham Əliyev bugünkü Türkiyəni belə təqdim edir: “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə. Yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaq.